Azərbaycanda uşaqların ailə himayəsinə verilməsi məsələsi yenidən diqqət mərkəzinə gəlib.
Statistik rəqəmlər göstərir ki, övladlığa götürmə ilə bağlı müraciət və nəticələrin sayında əvvəlki illərlə müqayisədə ciddi fərq yaranıb. Belə ki, 2005-ci ildə 803, 2017-ci ildə isə 877 uşaq yeni ailələrə qovuşduğu halda, 2025-ci ildə bu rəqəm 149-a enib. 2026-cı ilin ilk 10 ayında isə cəmi 105 uşağın övladlığa götürüldüyü qeydə alınıb.
Bəs vaxtilə daha yüksək olan bu göstəricilərin son illərdə aşağı düşməsinin səbəbi nədir? Övladlığa götürmək istəyən şəxslərin sayında azalma var, yoxsa mövcud prosedurlar, sosial-iqtisadi vəziyyət və ailələrin seçim meyarları bu prosesə təsir göstərir?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda övladlığa götürülən uşaqların sayının azalmasını yalnız insanların maddi imkanlarının zəifləməsi ilə bağlı deyil:
“Bu tendensiyanın arxasında cəmiyyətdə ailə münasibətlərinin, valideynlik anlayışının və uşaq sahibi olmağa yanaşmanın dəyişməsi kimi daha dərin sosial proseslər dayana bilər. Ümumiyyətlə, müasir ailələrin quruluşu əvvəlki dövrlərdən xeyli fərqlənir. İnsanlar ailə qurmaq, valideyn olmaq və uşaq böyütmək qərarlarını daha çox iqtisadi sabitlik, şəxsi həyat planları və gələcək təminatla əlaqələndirirlər. Əvvəllər ailədə uşaq sayının çox olması daha adi qarşılanırdısa, indi bir və ya iki uşaqla kifayətlənən ailələrin sayı artıb. Bu dəyişiklik övladlığa götürməyə potensial marağın formalaşmasına da təsirsiz ötüşmür”.
Ekspert qeyd edib ki, digər mühüm məqam cəmiyyətdə övladlığa götürülmüş uşağa münasibətlə bağlıdır:

“Bəzi ailələr üçün bioloji bağlılıq hələ də valideynlik anlayışının əsas şərtlərindən biri hesab olunur. Övladlığa götürülmüş uşağın gələcəkdə öz bioloji valideynlərini axtarması, ailəyə uyğunlaşması, yaxud yaxın qohumların bu qərara münasibəti ilə bağlı narahatlıqlar potensial valideynlərin tərəddüd etməsinə səbəb ola bilər. Bu isə göstərir ki, problem təkcə maddi deyil, eyni zamanda psixoloji və sosial xarakter daşıyır”.
Həmsöhbətimiz hesab edir ki, uşağın böyüdülməsi yalnız gündəlik xərclərdən ibarət deyil:
“Təhsil, tibbi xidmət, mənzil şəraiti və gələcək təminatla bağlı məsuliyyət ailələrin qərarına təsir göstərir. Xüsusilə özünün maddi vəziyyətini hələ tam sabitləşdirməmiş gənc ailələr əlavə valideynlik məsuliyyətini üzərinə götürməkdə tərəddüd edə bilərlər. Bununla yanaşı, övladlığa götürmə prosesinə yalnız müraciət edən ailələrin istəyi prizmasından baxmaq da düzgün deyil.
Uşağın ailəyə yerləşdirilməsi zamanı onun təhlükəsizliyi, psixoloji hazırlığı və gələcək rifahı əsas götürülməlidir. Buna görə də namizədlərin qiymətləndirilməsi və uyğun ailə ilə uşağın seçilməsi mərhələləri vacibdir. Prosedurların məqsədi sadəcə uşağın ailəyə verilməsi deyil, həmin ailədə davamlı və sağlam münasibətlərin qurulmasını təmin etməkdir”.
Sevinc


