İndoneziyanın Flores adasında aparılan araşdırmalar zamanı əvvəllər elmə məlum olmayan nəhəng quş növünün qalıqları müəyyən edilib. Təxminən 120-190 min il əvvəl yaşamış bu quşun çəkisinin 3,9 kiloqram olduğu ehtimal edilir. Maraqlıdır ki, o, boyları təxminən 107 santimetr olan qədim insan növü – “hobbitlər”lə eyni ərazidə məskunlaşıb.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Quşun qalıqları hələ 2009-cu ildə Flores adasındakı Liang Bua mağarasında aparılan qazıntılar zamanı tapılıb. Söhbət mağaranın döşəmə səthindən təxminən 7 metr dərinlikdə aşkarlanan ayaq sümüyündən gedir. Həmin mağara daha əvvəl “hobbitlər” adlandırılan Homo floresiensis növünə aid insanların qalıqlarının tapılması ilə də tanınıb.
Tapıntı uzun müddət diqqətdən kənarda qalıb. Yalnız indi tədqiqatçılar sümüyün əvvəllər qeydə alınmamış quş növünə məxsus olduğunu müəyyənləşdiriblər. Yeni növə Megapodius rokusi adı verilib. Onun bu günə qədər məlum olan öz cinsinin ən böyük nümayəndəsi olduğu bildirilir.
Bergen Universitetinin Muzeyindən paleontoloq Hanneke Meijer və həmkarları sümüyü ətraflı araşdıraraq onun anatomik quruluşunda fərqli xüsusiyyətlər aşkar ediblər. Müasir və nəsli kəsilmiş quşların sümükləri ilə müqayisə nəticəsində bu əlamətlərin başqa növlərdə müşahidə olunmadığı müəyyən edilib.
Megapodius rokusi iriayaqlı quşlar qrupuna – meqapodlara aid olub. Bu quşlar yumurtalarını torpaq və bitki qalıqlarından hazırladıqları böyük yuvalara və ya yeraltı yuvalara qoyurlar. Yumurtaların inkubasiyası üçün isə torpağın təbii istiliyindən istifadə edirlər.
Tədqiqatçılar ayaq sümüyünün ölçülərini və statistik hesablamaları əsas götürərək quşun çəkisinin təxminən 3,9 kiloqram olduğunu müəyyənləşdiriblər. Bu göstərici Flores adasında yaşayan onun müasir qohumlarının çəkisindən bir neçə dəfə çoxdur. Bununla belə, quş bəzi müasir ətlik toyuqlardan daha iri olmayıb.
Alimlərin fikrincə, bu kəşf qədim Flores adasının qeyri-adi heyvanlar aləmi haqqında təsəvvürləri genişləndirir. Həmin dövrdə adada “hobbitlər”lə yanaşı, cırtdan fillər və nəhəng leyləklər də yaşayıb.
Tədqiqatçılar gələcək paleontoloji tapıntıların Megapodius rokusi növünün təkamülü, həyat tərzi və nəslinin kəsilmə səbəbləri barədə daha ətraflı məlumat verəcəyinə ümid edirlər.
Samir

