“Bəzi şəxslərdə bədən dismorfik pozuntusu olur. Onun təməlində yalnız xarici görünüşdən narazılıq deyil, insanın öz bədənini və özünü qavrama formasında yaranan ciddi psixoloji çətinlik dayanır”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
“Bu şəxslər başqalarının fərq etmədiyi, yaxud çox kiçik hesab etdiyi fiziki xüsusiyyətləri zehnlərində böyüdür, həmin qüsura həddindən artıq fokuslanır və zamanla bütün özünüdəyərləndirmələrini xarici görünüşləri üzərindən qurmağa başlayırlar. Psixoloji baxımdan bu pozuntunun formalaşmasında uşaqlıq dövründə xarici görünüşə görə tənqid edilmək, başqaları ilə müqayisə olunmaq, lağ obyektinə çevrilmək, emosional qəbul edilməmək, aşağı özünəqiymət və travmatik yaşantılar rol oynaya bilər”.
Ekspert qeyd edib ki, sosial medianın yaratdığı əlçatmaz gözəllik standartları da bu düşüncələri gücləndirə bilər:
“İnsan zamanla özünü olduğu kimi görmək əvəzinə, zehnində yaratdığı qüsurlu obrazla mübarizə aparmağa başlayır. Belə şəxslər tez-tez güzgüdə özlərini yoxlayır, şəkillər çəkdirərkən narahatlıq keçirir, başqalarının görünüşü ilə özlərini müqayisə edir, qüsur hesab etdikləri nahiyəni gizlətməyə çalışır və bəzən estetik müdaxilələrə təkrar-təkrar müraciət edirlər. Lakin fiziki dəyişikliklər çox vaxt daxili narahatlığı aradan qaldırmır, çünki problemin kökü yalnız bədəndə deyil, insanın özünü qavrama sistemindədir”.
Mütəxəssis bundan xilas yollarını da göstərib:
“İlk növbədə insan anlamalıdır ki, düşüncəsi hər zaman reallığı əks etdirmir. Koqnitiv-davranış terapiyası vasitəsilə bədənlə bağlı təhrif olunmuş düşüncələr üzərində işləmək, özünə münasibəti dəyişmək, kompulsiv güzgü yoxlamalarını və müqayisə davranışlarını azaltmaq mümkündür. Ağır hallarda psixiatr dəstəyi və uyğun müalicə də vacib ola bilər. Unutmayaq ki, insan bəzən bədənini deyil, özünə olan münasibətini dəyişməyə ehtiyac duyur. Çünki özünü qəbul edə bilməyən insan üçün heç bir estetik dəyişiklik kifayət qədər mükəmməl görünməyə bilər”.
Pərviz


