Azərbaycanda Həcc ziyarətinə marağın azalması və ayrılmış kvotanın tam dolmaması diqqətçəkən məsələlərdən birinə çevrilib.
Bəs bu vəziyyət nə ilə bağlıdır? Həcc ziyarətinin xərclərinin yüksək olması insanların qərarına təsir edirmi, yoxsa burada dini inanclardakı dəyişikliklər, insanların həyata və ibadətə münasibətinin fərqliləşməsi də rol oynayır? Ümumiyyətlə, kvotanın tam dolmamasının arxasında iqtisadi səbəblər dayanır, yoxsa məsələ daha dərindir?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, bəziləri Həcci hörmətdən saldılar:

“Ona görə daha abırlı adamların çoxu getmir. İbadəti ticarətə çevirdilər. Qiyməti o qədər bahalaşdırdı ki, hər kəs gedə bilmədi. İndi insanların əksəriyyəti o qədər pul qazana bilmir. Kvotanın dolmaması öncə qiymətə görədir. Sonra da yol verilən nöqsanlara, səfərin artıq dini ab-havadan çıxması səbəblər sırasındadır”.
Ekspert əlavə edib ki, Qərbin ideoloji institutları bu ibadəti tədricən ləğv etməyə çalışır:
“Çünki təhlükə olaraq gördükləri İslamın müsəlmanları birləşdirən prinsiplərindən biri də əyani olaraq Məkkəyə toplaşmaq, həmrəy olmaqdır. Bunu məhv etmək üçün Səudiyyə Ərəbistanı hökuməti ilə birgə işlər gedir. Tədricən müsəlmanları Həcdən uzaq salmaq, mümkünsüz etmək üçün süni şəkildə qiymət artımı və əlavə problemlər meydana gətirirlər. İnsanların inancı dəyişməyib, sadəcə Həccə aparanlara inamı itib”.
Sevinc


