“Lotus”un yeni hiperkarının mühərrik göstəriciləri BƏLLİ OLDU

AVTO
17:00 / 11.11.2026
210

Böyük Britaniyanın əfsanəvi idman avtomobilləri istehsalçısı “Lotus”un yeni “Type 135” hiperkarına güc verəcək V8 mühərriki rəsmən nümayiş olunub.

Hit.az xəbər verir ki, avtomobil mətbuatında əfsanəvi “Esprit” modelinin müasir xələfi kimi də qiymətləndirilən bu layihənin mühərrik aqreqatı “Horse Powertrain” şirkəti tərəfindən işlənib hazırlanıb.

“Horse W40” adlandırılan bu yeni V8 mühərriki daxili yanma rejmində təkbaşına 670 at gücündən (500 кVt) çox maksimum güc və 800 Nm fırlanma anı (tork) hasil edir. Yeni mühərrik 4.0 litr həcmə və iki turbokompressora malik modulyar V8 aqreqatıdır. Turbinlər mühərrikin “V” formalı silindr bloklarının daxili hissəsində (“Hot-V” konfiqurasiyası) yerləşdirilib.

Üstəlik, mühərrik ilkin layihələndirmə mərhələsindən birbaşa hibrid sistemlə birgə işləmək üçün hazırlanıb. Elektrik dəstəyi ilə birlikdə “Lotus Type 135” modelinin ümumi sistem gücünün 1000 at gücünə (986+ bhp) çatacağı gözlənilir. Həmçinin, mühərrikdə birbaşa yanacaq püskürtmə sistemi və turbolar üçün qısaldılmış hava əmiş kanalları tətbiq olunub. Kompleks yüngülləşdirmə texnologiyaları sayəsində V8 aqreqatının çəkisi cəmi 200 kiloqram təşkil edir.

V8 mühərriki xüsusi olaraq hibrid sistemlər üçün layihələndirilmiş 8 pilləli iki muftalı (8LDCT) transmissiya ilə cütləşdirilir. Bundan başqa, transmissiyada idman avtomobilləri seqmentinə uyğun yaş mufta modulu və silisium-karbid güc idarəetmə sistemi tətbiq edilib. Sistemi qiymətləndirən analitiklərin məlumatına görə, bu transmissiya pillələri 20 milisaniyədən az müddətdə dəyişmək qabiliyyətinə malikdir. Bu da sürücüyə kəsintisiz və anında dinamik ötürmə təmin edir.

Qeyd edək ki, “Horse Powertrain” müasir daxili yanma mühərrikləri, hibrid sistemlər, mənzil uzadıcılar və bunlara aid rəqəmsal elektronika istehsal edən beynəlxalq mühəndislik şirkətidir. Şirkətin səhmlərinin 45 faizi “Renault Group”a, 45 faizi “Geely Holdinq”ə, 10 faizi isə “Aramco” enerji nəhənginə məxsusdur.

Pərviz

0