Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Özbəkistan Respublikası Daşkənd Dövlət Tibb Universitetinin (DDTU) ATU-da akademik fəaliyyətdə olan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə dövlətlər və xalqlarımız arasında yüksəksəviyyəli əlaqələrin hər müstəvidə böyük uğurla, artan dinamika ilə inkişafından söz açan Gəray Gəraybəyli ortaq mədəniyyətə sahib iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyini diqqətə çatdırıb.
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi görüşünə də diqqət çəkən rektor bu səfərin yaxın münasibətlərin əsas göstəricisi olduğunu, eyni zamanda ölkələr arasında əməkdaşlığın hərtərəfli gücləndirilməsi və dərinləşdirilməsinə daha da təkan verdiyini vurğulayıb.
Özbəkistanla Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafını, əməkdaşlığın təhsil, xüsusən də tibbi təhsil sahəsində dərinləşdirilməsi üçün geniş imkanlar oldğunu və bu aspektdə də ATU ilə DDTU arasında imzalanmış anlaşma memorandumunu xatırladan rektor qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlərin münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini nəzərə çatdırıb.
DDTU nümayəndə heyətinə rəhbərlik edən Özbəkistan Respublikasının Əməkdar tibb işçisi, Elm və texnika sahəsi üzrə Dövlət Mükafatı laureatı, professor, Otorinolarinqologiya kafedrasının müdiri, "Happy Life" klinikasının direktoru Şavkat Amonov da iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərildiyini, universitetlərarası akademik mübadilə proqramının bu baxımdan xüsusi rolu olduğunu bildirib. Proqram çərçivəsində ATU ilə tanışlıq zamanı burada yaradılan şəraiti yüksək dəyərləndirən və səmimi qarşılanmaya görə minnətdarlığını ifadə edən qonaq Azərbaycanla bağlı xoş təəssüratlarını da paylaşıb.
Görüşdə özbəkistanlı mütəxəssislərin otorinolarinqologiya sahəsi üzrə rezidentlərə mühazirələri, kafedralararası aprobasiya, praktik məşğələ və cərrahi əməliyyatlarda iştirakı haqda da ətraflı məlumat verilib.
Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin (kafedranın dosentləri - Firuza Nurmuxamedova, Jamol Erqaşev, kafedranın assistentləri - Maftuna Omonova, Zarina Eqamberdiyeva və DDTU-nun I kurs magistri Jasmin Turaeva) ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında akademik fəaliyyəti 12 iyun 2026-cı il tarixinə qədər davam edəcək.





