Azərbaycan-Serbiya əlaqələri: “İqtisadi əməkdaşlıq daha da artacaq”

İQTİSADİYYAT
11:55 / 18.05.2026
110

“Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir”. 

Bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib. 

O bildirib ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapılacaq: 

“Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik”.

 

Maraqlıdır, Serbiya ilə Azərbaycan arasında hansı sahədə iqtisadi əməkdaşlıq genişlənə bilər? 

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlıq strateji xarakter daşıyır: 

“Serbiya Prezidentinin WUF-13-də iştirakı da bu əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Prezident İlham Əliyev WUF-13 çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiçi qəbul edərkən iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha vurğulayıb. 

Ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də qarşılıqlı investisiya qoyuluşu istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Həm turizm sahəsində əməkdaşlıq inkişaf edir, həm də iki ölkə arasında birbaşa aviareyslərin açılması əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Bu isə turizm sektorunun inkişafına əlavə imkanlar yaradacaq”.

Millət vəkilinin sözlərinə görə, Serbiya iqtisadiyyatı Azərbaycan iş adamları üçün həm ixrac, həm də investisiya baxımından cəlbedici bazardır:

“Azərbaycan qeyri-neft ixracının şaxələndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu baxımdan Serbiya ilə əməkdaşlığın gücləndirilməsi qeyri-neft sektorunda istehsal olunan məhsulların daha geniş bazarlara çıxarılmasına imkan verə bilər. 

Eyni zamanda, bu əməkdaşlıq qeyri-neft ixracının həcminin artırılmasına da şərait yaradacaq. Hesab edirəm ki, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və qarşılıqlı görüşlər həmin potensialdan daha səmərəli istifadə etməyə imkan verəcək”.

Günel Cəlilova

0