Son günlər dünyada və Azərbaycanda qızılın qiymətində ucuzlaşma müşahidə olunur.
Halbuki son aylarda qızıl bazarında ciddi bahalaşma qeydə alınmış, qiymətlər hətta rekord səviyyəyə qədər yüksəldi. Qlobal iqtisadi qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və investor marağının artması qızılın qiymətinin sürətlə bahalaşmasına səbəb oldu. Lakin hazırda bazarda əks tendensiya müşahidə edilir və qiymətlərdə geriləmə baş verir.
Maraqlıdır, aylardır davam edən bahalaşmadan sonra qızılın qiymətindəki bu ucuzlaşmaya səbəb olan əsas amillər hansılardır?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, qızılın qiymətində müşahidə olunan müvəqqəti ucuzlaşma geosiyasi gərginliklə bağlıdır:

“Son müharibələr fonunda qızıl əvvəlki dövrlərlə müqayisədə fərqli reaksiya verir. Hazırda Yaxın Şərqdə, xüsusilə İran ətrafında müharibə ehtimalının artacağı gözlənilir. Belə vəziyyətlərdə qızılın qiymətində müəyyən enmə müşahidə olunur. Çünki investorlar əllərindəki fyuçersləri və qızılı sataraq vəsaiti nağd pula çevirməyə üstünlük verirlər. Yəni gərginlik dövründə nağd pulun əhəmiyyəti artır. Bəzi mərkəzi banklar da analoji addımlar atırlar”.
İqtisadçının fikrincə, qızılın qiymətində ciddi ucuzlaşma baş verməyib:
“Ötən illə müqayisədə qızıl hələ də bahadır, sadəcə ilin əvvəli ilə müqayisədə müəyyən enmə var. Bu prosesin isə müvəqqəti olduğu və yaxın dövrdə qızılın qiymətinin yenidən artacağı gözlənilir”.
Günel Cəlilova


