Son zamanlarda istər ölkəmizdə, istərsə də dünyada seriallara marağın azalması müşahidə olunur.
Burada bir neçə faktor mühüm rol oynayır. Əvvəlcə diqqətə çatdıraq ki, ölkəmizdə ən çox türk serialları izlənilir. Onların da 1 bölümünün müddəti artıq 3 saata yaxın olur. Bu isə çox böyük vaxt itkisi deməkdir. İnsanların çoxu hər həftə 1 bölüm üçün 3 saat vaxt sərf etmək istəmirlər. Buna həvəsləri də olmur. Üstəlik, bir neçə serial izləyən biri üçün həftədə ən azı 6-9 saat serial izləyərək keçirilir. Əlbəttə ki, bu da bir müddət sonra yorucu olmağa başlayır.
Həmçinin, müasir serialların bir-birinə bənzəməsi də təməl problemlərdəndir. Artıq izləyicilər hansısa seriala baxanda sonrakı səhnədə nə olacağını, mövsüm finalında və ya finalda nələrin yaşanacağını asanlıqla təxmin edə bilirlər. Yəni bəziləri istisna olsa da serialların böyük əksəriyyəti izləyicilərə “sürpriz” yaşada bilmir. Əksər hallarda başqa ekran işlərində gördüklərini yeni layihədə yenidən izləyirlər. Sanki obrazların və serialın adı dəyişir, ssenari isə eyni qalır.
Digər səbəb isə hər serialda eyni simaları görməyimizdir. Hansısa məşhur bir serial başa çatan kimi həmən başqa layihəyə çəkilir. Bu da eyni insanları izləməkdən yorulan şəxsləri narahat edir.
Yekun olaraq, artıq serialların yeni bölümlərinə “sanki əvvəl izləmişəm” düşüncəsi ilə baxırıq. Çünki hər səhnə bizə başqa serialı xatırladır. Bu isə istər-istəməz həyəcanı və marağı azaldır. Üstəlik, ardıcıl şəkildə serialların çəkilməsi keyfiyyəti də aşağı salır. Bu halda da sözügedən ekran işləri izləyicilərin marağını çəkə bilmir.
Məhz bu səbəbdəndir ki, son illərdə çəkilən serialların böyük əksəriyyəti reytinq toplaya bilmədiyi üçün erkən final etmək məcburiyyətində qalır. Təkcə ötən mövsüm 4-5 bölümlə bitən, finalı belə çəkilməyən türk serialları dediklərimizə çox gözəl nümunədir...
Aslan

