Keçən həftə ABŞ Prezidenti Donald Tramp Pekinə səfər edərək Çin lideri Si Cinpin ilə görüşüb.
Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Lakin bu səfərlərin ardıcıl olması birmənalı qarşılanmayıb. Sadəcə bir həftəlik fasilə ilə əvvəlcə ABŞ Prezidenti Donald Trampın, ardınca isə Rusiya Prezidenti Vladimir Putinin Çinə səfər etməsinin təsadüf olmadığı deyilir. Üç supergüc liderinin bu şəkildə bir araya gəlməsinin yeni dünya nizamı və ya dünyanın yenidən bölüşdürülməsi ilə bağlı ola biləcəyi barədə müxtəlif iddialar səsləndirilir.
Siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında bildirib ki, bu səhər Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Pekində danışıqlar aparıblar:
“Donald Trampın ardınca Vladimir Putinin Pekinə səfər etməsi yeni dünya nizamının formalaşmasına təsir göstərə biləcək hadisə hesab edilir. Xüsusilə də İran ətrafında və Rusiya-Ukrayna cəbhəsindəki münaqişlərin gələcək nəticələrinin məhz Pekində aparılan danışıqlardan asılı olduğu deyilir. Lakin Putinin Trampdan beş gün tələsik Çinə yola düşməsi onun ABŞ Prezidenti ilə Si Cinpin arasında aparılan müzakirələrdən narahatlığı kimi başa düşülə bilər.
Yəni Rusiya Prezidenti Trampla Cinpin arasında əldə edilmiş qapalı razılaşmaları öyrənməyə, verilən mesajları çözməyə, bir sözlə daha çox infortmasiya əldə etməyə çalışır. Dünyanın iki supergücü olan ABŞ və Çinin anlaşması Rusiyanın maraqlarına cavab vermir”.
Ekspert əlavə edib ki, Putin Pekinin İran məsələsində və Hörmüz boğazının açılmasında Vaşinqtonla razılaşa biləcəyi halda Çinə satdığı nefin ucuzlaşa biləcəyindən narahatdır:
“Ukrayna münaqişəsində indiyə qədər Çinin Rusiyaya görünməyən dəstək verməsi Putinə 4 ildən artıqdır Qərbə qarşı güc nümayiş etdirməkdə və sanksiyalardan yayınmaqda mühüm rol oynayıb. Ona görə də Putin qeyri-sabit mövqeyə malik Trampın Tayvan məsələsində Çinə edəcəyi hər hansı güzəştin müqabilində və ticarət müharibəsini dayandıracağı təqdirdə, Pekinin dəstəyindən məhrum olacağından ehtiyat edir”.
Siyasi şərhçinin fikrincə, Trampın Çindən əliboş qayıtması, yəni gesoyasi məsələlərdə razılığa gələ bilməməsi Putini arxayın sala bilər:
“Rusiya Prezidenti ilə görüş zamanı Si Cinpinin beynəlxalq vəziyyətin qeyri-sabit qaldığını, birtərəfli fəaliyyətlərin və hegemonluğun gücləndiyini deməsi dünyada qütbləşmə prosesinin dərinləşməsinə işarə kimi başa düşülə bilər. Son günlər həm ABŞ-nin, həm də Rusiya liderinin qlobal və regional məsələləri müzakirə etmək üçün Çinə səfər etməsi xüsusi diqqət çəkir.
Bu, beynəlxalq siyasi münasibətlərdə Çinin çəkisinin artmasından xəbər verir. Dolayısı ilə, bu dünyanın taleyinin Pekində həll olunması mənasına da gəlir. Si Cinpinlə Putinin görüşdə işlətdiyi ifadələr Çinin mövcud münasibətlərin strateji səviyyəsini saxlamaqda maraqlı olduğunu göstərir”.
M. Abdulla düşünür ki Rusiya Çinlə birlikdə ABŞ və NATO-ya qarşı beynəlxalq güc balansını təmin edir:
“Rusiyanın məğlub olması Çini Qərbin hədəfinə çevirə bilər. Yəni Rusiya Çin üçün NATO və ABŞ qarşısında ən böyük bufer zonadır. Lakin Çin Rusiyanın Ukrayna və Avropa üzərində qalib gəlib SSRİ kimi fövqəlgücə və Pekinin rəqibinə çevrilməsini də istəmir. Hazırda atəş altında olan zəifləmiş Rusiyanın mövcudluğu Çin üçün daha əlverişlidir.
Rusiya Trampın dəstəyindən məhrum olmuş Avropa İttifaqına təzyiq üçün Çinə faydalı tərəfdaşdır. Trampın Avropanın təhlükəsizliyinə təmnat verməməsi, eləcə də Rusiyanın artan hərbi təzyiqləri fonunda ABŞ-nin müttəfiqlərinin Çinə ehtiyacı artıb. Bu həm də Çin üçün yeni bazarlar əldə edilməsi deməkdir. Putinin Moskva və Pekin arasındakı hərtərəfli tərəfdaşlığın yeni dövrdə dövlətlərarası münasibətlərin modelinə çevrildiyini qeyd etməsi Rusiyanın yeni dünya düzənində Çinlə eyni düşərgədə olmaq niyyəti kimi başa düşülməlidir. Yəni Rusiya Çindən onu ABŞ-yə dəyişməməyi xahiş edir”.
Həmsöhbətimiz qeyd edib ki, Rusiya Çin üçün altertnativ enerji mənbəyi olmaqla yanaşı, həm də böyük bazardır:
“Son illər Pekin Moskvanın ən böyük ticarət tərəfdaşına çevrilib. Rusiyanın idxalının üçdə birindən çoxunu Çin məhsulları təşkil edir. Eyni zamanda, Rusiya Çin vətəndaşları üçün iş yerləri deməkdir. Qərb bazarlarına çıxışı bağlanmış Rusiyanın istehsalı olan məhsulların dörddə birindən çoxu Çinə ixrac edilir ki, bunun da əksəriyyətini neft və təbii qaz təşkil edir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2025-ci ildə 228,1 milyard dollara çatıb. Ona görə də Putinin Çindən razı qayıdacağını deyə bilərik”.
Günel Cəlilova



