Şagirdləri dərsdən qaçıran nədir?

TƏHSİL
16:16 / 15.05.2026
128

Ötən gün Bakının 175 nömrəli tam orta ümumtəhsil məktəbində şagird pəncərədən yıxılıb. 

Şagirdin pəncərədən yıxılmasına səbəb onun dərsdən qaçmaq istəyi olub. Qeyd edək ki, şagirdlərin müəyyən bir hissəsi müxtəlif formada dərsdən qaçmağa cəhd edir. Kimisi dərsdən qaçmağı başarır, kimisi isə pəncərədən qaçmaq istəyərkən yıxılaraq özünü ələ verir.

Görəsən, şagirdlərin dərsdən qaçmağına səbəb nədir? 

Təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a açıqlamasında deyib ki, məktəblilərin dərsdən yayınmasının əsas səbəblərindən biri bəzən tənbəllik kimi görünsə də, bu halların arxasında daha çox psixoloji və sosial amillər dayanır: 

399365

“Pəncərədən yıxılacaq qədər dərsdən qaçmağa çalışmaq şagirdin ciddi psixoloji təzyiq altında olduğunu göstərir. Əsas səbəblərdən biri qorxu faktorudur. Şagird dərsə hazır olmadıqda aşağı qiymət alacağını, müəllim tərəfindən danlanacağını düşündüyü üçün dərsdən yayınmağa çalışır. Bununla yanaşı, valideynlərin yüksək nəticə gözləntisi və təzyiqi də uşağın məktəbdən uzaqlaşmasına səbəb ola bilər”.

Ekspertin fikrincə, məktəb mühiti bəzi uşaqlar üçün sıxıcı və gərgin görünə bilər:

“Yeniyetməlik dövründə yaşanan emosional dəyişikliklər də riskli davranışlara yol açır. Bu yaş dövründə uşaqlar nəticəni düşünmədən addımlar ata bilirlər. Belə hadisələrdən sonra uşağı günahlandırmaq əvəzinə, onu bu addıma vadar edən səbəblər araşdırılmalıdır. Bu kimi halların qarşısını almaq üçün məktəblərdə psixoloqların fəaliyyəti gücləndirilməli, müəllim-şagird münasibətləri isə qorxu deyil, etibar üzərində qurulmalıdır”.

Günel Cəlilova

0