Azərbaycan Mərkəzi Bankı bank sektorunda risklərə qarşı dayanıqlığın artırılması məqsədilə yeni stres-test qaydalarını təsdiqləyib.
Yeni yanaşma bankların iqtisadi böhran, maliyyə dalğalanmaları və mümkün risk ssenarilərinə hazırlıq səviyyəsinin daha dəqiq qiymətləndirilməsinə hesablanıb. Qaydalar beynəlxalq standartlar əsasında hazırlanıb və bank sistemində risklərin idarə olunması, korporativ nəzarət və likvidliklə bağlı mövcud boşluqların aradan qaldırılmasını hədəfləyir.
Maraqlıdır, yeni qaydalar bank sisteminə necə təsir edəcək?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, maliyyə sektorunda sabitliyin qorunması üçün bankların mümkün təhlükələri əvvəlcədən hesablaya bilməsi vacibdir:

“Əks halda iqtisadi dəyişikliklər zamanı həm bankların fəaliyyəti zəifləyir, həm də müştərilərin maliyyə imkanları mənfi təsirlə üzləşir. Keçmiş illərin təcrübəsi göstərib ki, bazarda yaranan qəfil dəyişikliklərə hazır olmayan banklar daha ciddi problemlərlə qarşılaşır. Xüsusilə milli valyutanın dəyərində baş verən dəyişikliklər bank sistemi üçün həssas məqamlardan sayılır”.
İqtisadçı qeyd edib ki, hazırda diqqət daha çox bankların mümkün böhran ssenarilərinə hazırlıq səviyyəsinə yönəlib:
“Bu məqsədlə tətbiq olunan stres-testlər müxtəlif iqtisadi vəziyyətlərdə bankların dayanıqlığını ölçməyə imkan yaradır. Belə yoxlamalar vasitəsilə bankların valyuta dəyişiklikləri, maliyyə çatışmazlığı və ya kredit ödənişlərində yaranacaq problemlərə necə reaksiya verəcəyi qiymətləndirilir. Bununla yanaşı, əmanətçilərin vəsaitlərini rahat şəkildə geri ala bilməsi də bank sektorunun etibarlılığı üçün əsas şərtlərdən biri hesab olunur”.
Ekspert onu da əlavə edib ki, bankların likvidlik imkanları da xüsusi önəm daşıyır:
“Bəzi hallarda maliyyə resurslarının azalması bankların fəaliyyətinə mənfi təsir edir. Bəzi dövrlərdə isə bazarda kifayət qədər vəsait olsa belə kredit götürmək istəyənlərin sayı azalır”.
Günel Cəlilova


