Magistratura imtahanın vaxtı əvvəldən dəyişməli idi

TƏHSİL
15:30 / 19.05.2026
86

Mayın 17-də ölkənin müxtəlif bölgələrində müşahidə olunan intensiv yağışlı hava şəraiti magistraturaya qəbul imtahanına qatılmalı olan bir çox namizəd üçün ciddi çətinliklər yaradıb. 

Güclü yağıntı nəticəsində bəzi yolların su altında qalması, nəqliyyatın hərəkətində problemlərin yaranması və uzun tıxaclar səbəbindən bir sıra iştirakçılar imtahan mərkəzlərinə vaxtında çata bilməyiblər. Gecikən şəxslərin bir hissəsinin imtahana buraxılmaması isə narazılıqları daha da artırıb.

Yaranmış vəziyyətlə bağlı Dövlət İmtahan Mərkəzi açıqlama verərək bildirib ki, müraciət edən şəxslər üçün 14 iyun 2026-cı il tarixində əlavə imtahan təşkil olunacaq. Məlumata əsasən, əvvəlki imtahanda iştirak etmiş şəxslər üçün bu proses ödənişli, imtahanda iştirak edə bilməyənlər üçün isə ödənişsiz olacaq.

Bununla belə, məsələ ictimai müzakirələrə səbəb olmağa davam edir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda səsləndirilən fikirlərdə qeyd olunur ki, hava şəraiti ilə bağlı proqnozları əvvəlcədən nəzərə almaq mümkün idi. Bu səbəbdən bəzi şəxslər hesab edir ki, imtahan tarixinin müəyyənləşdirilməsi zamanı risklər kifayət qədər ciddi qiymətləndirilməyib və məsələyə daha həssas yanaşmaq lazım idi. 

Yəni DİM hava şəraitini və paytaxta keçirilən beynəlxalq forumu nəzərə alıb, həmin imtahan vaxtını dəyişdirməli idi, ancaq bunu etmədi.  Məlumdur ki, imtahana vaxtında çatan tələbələr çətin şəraitdə islanmış, psixoloji cəhətdən sarsılmış gənclər imtahana çatıblar. Tələbələrin çətin vəziyyətdə imtahan verməsi azmış kimi, onlardan bir də təkrar ödəniş tələb edilməsi heç bir ədalət prinsipinə sığmır...

Günel Cəlilova

0