2017-ci ildə paleontoloqlar Braziliyada Ediakar dövrünə aid çöküntü süxurlarında yaşı 540 milyon il olan mikroskopik fosillər aşkar etmişdilər. Uzun illər hesab olunurdu ki, bunlar Yer kürəsinin ən qədim heyvanları sayılan kiçik onurğasızların hərəkət izləridir. Lakin yeni araşdırma göstərib ki, bu izlər tamamilə başqa mənşəyə malik olub.
HİT.az xəbər verir ki, bu barədə “iflscience.com” yazır.
Braziliyada tapılmış fosillər diametri 600 mikrometrdən böyük olmayan tunellərdən ibarətdir.
“Yeni fosillərimiz göstərir ki, əzələ nəzarətinə malik mürəkkəb heyvanlar təxminən 550 milyon il əvvəl mövcud olub və ola bilsin ki, onların çox kiçik ölçülərinə görə əvvəllər diqqətdən kənarda qalıblar”, deyə hazırda Oksford Universitetində paleobiologiya üzrə dosent çalışan Lyuk Parri həmin vaxt bildirmişdi.
O qeyd etmişdi ki, təsvir olunan fosillər bilateral adlanan kifayət qədər mürəkkəb heyvanlara məxsusdur. Halbuki bilateral heyvanların əksər fosilləri daha gəncdir və ilk dəfə Kembri dövründə meydana çıxıb. Buna görə də onların daha qədim geoloji təbəqələrdə tapılması son dərəcə mühüm hadisə sayılardı.
Lakin yeni tədqiqatlara əsasən, 2017-ci ildə aşkar edilmiş bu fosillər erkən heyvanlara aid deyilmiş.
Tədqiqatçılar daha müasir görüntüləmə avadanlıqları ilə yenidən həmin qayalara qayıdıblar. Əvvəllər yalnız qayaların xarici səthi araşdırıldığı halda, bu dəfə onların daxili strukturlarını öyrənmək mümkün olub.
Skan nəticəsində səthin altında gizlənmiş nizamlı hüceyrə strukturları aşkar edilib. Onlardan bəziləri sap dəstələrini xatırladırdı, digərlərində isə seqmentləşdirilmiş daxili divarlar görünürdü. Bu xüsusiyyətlər bioloji mənşəli olsa da, heyvanlara aid deyildi.
Alimlər həmçinin müəyyən ediblər ki, fosillər ayrı-ayrı izlər şəklində deyil, qruplar halında yerləşib. Bu isə hərəkətə deyil, böyümə prosesinə işarə edir.
Hazırda tədqiqatçılar hesab edirlər ki, bunlar fosilləşmiş mikrob koloniyaları olub. Onların bəziləri ehtimal ki, kükürd oksidləşdirən bakteriyalardan yaranıb, digərləri isə dayaz sularda birlikdə böyüyən yosunabənzər mikroorqanizmləri əhatə edib.
Mikrob koloniyaları qida maddələri və işıq uğrunda rəqabət apardıqları üçün çox vaxt qeyri-bərabər şəkildə genişlənirlər. Zaman keçdikcə onların böyümə formaları təəccüblü dərəcədə cığır və ya yuva izlərini xatırlada bilər.
Alimlər indi hesab edirlər ki, başqa bölgələrdə aşkar edilmiş oxşar “iz fosilləri” də yenidən diqqətlə araşdırılmalıdır. Erkən heyvanlarla əlaqələndirilən bir çox qədim izlərin əslində səhv müəyyən edilmiş mikrob icmaları olması mümkündür.
Bundan əvvəl paleontoloqlar əvvəllər məlum olmayan qədim su buğumayaqlısının fosillərini aşkar etmişdilər. Bu tapıntı müasir qırxayaqların əcdadlarının çoxsaylı ayaqlarını quruya çıxmazdan milyonlarla il əvvəl, hələ suda yaşayarkən inkişaf etdirdiyini göstərir.
Samir


