ABŞ-ın “Otto Aerospace” şirkəti pəncərəsiz "Phantom 3500" təyyarə layihəsinin ilkin layihə icmalını (PDR) tamamlayıb.
HİT.az xəbər verir ki, bu barədə şirkətin mətbuat açıqlamasında bildirilib.
Ekspert qiymətləndirməsinin nəticələrinə görə, ilkin layihədə yalnız aerodinamik formaya aid kiçik düzəlişlər edilib, uçuş-taktiki göstəricilər isə dəyişməz qalıb. Bu mərhələnin uğurla başa çatmasından sonra şirkət istehsalın hazırlanması və uçuş sınaqları mərhələsinə keçir. Bildirilir ki, bu innovativ biznes-jetin sınaqları gələcəkdə texnologiyanın hərbi istifadəsinə də yol aça bilər.
“Otto Aerospace” "Phantom 3500" konseptini ilk dəfə 2025-ci ildə təqdim edib. Təyyarənin əsas fərqi ənənəvi illüminatorların olmamasıdır: sərnişinlər xarici kameraların görüntüsünü real vaxtda göstərən panaramik ekranlar vasitəsilə ətrafı izləyəcəklər.
"Phantom 3500" iki “Williams FJ44” mühərriki ilə təchiz olunacaq və bütün konstruksiya laminar axın aerodinamikası prinsipi üzərində qurulub. Bu texnologiyada hava təyyarənin səthi boyunca qat-qat və turbulentlik olmadan hərəkət edir ki, bu da müqaviməti azaldır və yanacaq sərfini aşağı salır.
Təyyarənin maksimum uçuş məsafəsinin 6850 km-ə qədər olacağı, yanacaq sərfiyyatının isə analoqlarla müqayisədə iki dəfə az olacağı bildirilir. Məhz bu səbəbdən konstruksiyada pəncərələrdən imtina edilib.
İlk uçuş sınağının 2027-ci ildə keçirilməsi, FAA sertifikatının isə 2029–2030-cu illərdə alınması planlaşdırılır.
Samir


