Rusiyada kritik əhəmiyyətli təyyarənin yaradılması donduruldu

DÜNYA
16:36 / 21.05.2026
41

TVRS-44 “Ladoqa” turbovintli regional təyyarə layihəsi dayandırılıb və proqram üzrə elmi-texniki baza Rusiya Müdafiə Nazirliyinə veriləcək. 

HİT.az xəbər verir ki, bu barədə “Ural Mülki Aviasiya Zavodu”nun (UZGA) nəqliyyat kateqoriyalı təyyarələr üzrə baş konstruktoru Sergey Merenkova istinadən Rusiya KİV-ləri məlumat yayıb.

“TVRS-44 “Ladoqa” layihəsi dayandırılıb. Təyyarə və bütün elmi-texniki baza Müdafiə Nazirliyinin sərəncamına verilib ki, onun əsasında ya rampalı yük versiyası, ya yan qapılı yük versiyası, ya da sərnişin versiyası hazırlansın, lakin Müdafiə Nazirliyinin maraqları çərçivəsində”, deyə “İnterfaks” Merenkovun sözlərini sitat gətirib.

Merenkov əlavə edib ki, bu qərara baxmayaraq, təyyarənin tamamlanaraq havaya qaldırılması planlaşdırılır. Bunun bu il baş verəcəyi gözlənilir.

Rusiya aviasiya müşahidəçilərinin sözlərinə görə, TVRS-44 layihəsinin dayandırılması faktiki olaraq An-24, An-26 və Yak-40 təyyarələrinin əvəzinin yaxın vaxtlarda hazırlanmayacağını göstərir. Bu sovet dövrünə aid təyyarələr artıq istismar müddətini başa vurduqları üçün ciddi problemlərlə üzləşir. Buna görə də onların əvəzlənməsi Rusiyanın aviasiya sektoru üçün kritik məsələ hesab olunur.

TVRS-44 “Ladoqa” — 44 sərnişin daşımaq üçün nəzərdə tutulmuş iki mühərrikli turbovintli regional təyyarədir. Layihə UZGA tərəfindən Rusiya Sənaye və Ticarət Nazirliyinin sifarişi ilə köhnəlmiş sovet təyyarələrini əvəz etmək məqsədilə hazırlanırdı. Gözlənilirdi ki, təyyarə həm asfalt və beton örtüklü aerodromlardan, həm də torpaq və qarlı uçuş-enmə zolaqlarından istifadə edə biləcək.

UZGA-nın keyfiyyət və sertifikatlaşdırma direktoru Andrey Dorofeyev ötən ilin noyabrında “Ladoqa”nın sınaq nümunəsinin ilk uçuşunun 2026-cı ilin ortalarına planlaşdırıldığını bildirmişdi. O həmçinin qeyd etmişdi ki, bu il təyyarə üçün nəzərdə tutulan TV7-117ST-02 mühərrikinin sertifikatlaşdırılması gözlənilir.

Təyyarənin özünün sertifikatının isə 2029-cu ildə alınması planlaşdırılırdı. 2024-cü ildə təsdiqlənmiş aviasiya sənayesinin inkişaf proqramına əsasən, ilk 35 “Ladoqa” təyyarəsinin tədarükü 2028-ci ildən başlamalı idi. Ümumilikdə isə 2030-cu ilə qədər 105 belə təyyarənin istehsalı nəzərdə tutulurdu.

Samir
 

0