Rusiya lideri Vladimir Putin Pekində Si Szinpinlə keçirdiyi görüşdən sonra Çinlə “möhkəm dostluq” münasibətlərini vurğulayıb və bir sıra ikitərəfli sazişlər imzalayıb. Lakin Moskvanın böyük ümid bəslədiyi qaz kəməri layihəsi üzrə irəliləyiş əldə olunmayıb.
HİT.az CNBC-ə istinadən xəbər verir ki, bu səfər Çin-Rusiya tərəfdaşlığında balansın getdikcə Pekinin xeyrinə dəyişdiyini göstərən üç mühüm nəticə ortaya qoyub.
Liderlər Moskva üçün strateji əhəmiyyət daşıyan “Sibirin gücü-2” qaz kəməri layihəsində razılığa gələ bilməyiblər. Rusiya üçün bu layihə xüsusilə vacibdir, çünki 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra Avropaya qaz ixracı kəskin azalıb.
Sammitdən sonra Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, tərəflər layihənin əsas parametrləri üzrə qarşılıqlı anlaşmaya yaxınlaşıblar, lakin “bəzi detalları hələ razılaşdırmaq lazımdır” və layihənin həyata keçirilməsi üçün konkret tarix yoxdur.
“Asiya Cəmiyyəti” Siyasət İnstitutunun baş elmi əməkdaşı Layl Morrisin sözlərinə görə, bu vəziyyət Putin üçün ciddi zərbədir:
“Bu, Rusiya və Putin üçün böyük zərbədir. Çünki səfərdən əvvəl Kreml razılaşmanın artıq çox yaxın olduğunu göstərməyə çalışırdı”.
Ekspert qeyd edib ki, Avropa İttifaqı ilə qaz münasibətlərinin zəifləməsindən sonra Moskvanın danışıqlardakı təsir imkanları da azalıb və Pekin bundan istifadə edir.
“Bunu gizlətmək mümkün deyil: Putin qaz kəməri üzrə razılıq əldə edə bilmədiyi üçün narahat və çətin vəziyyətdə qaldı”, deyə Morris bildirib.
Qaz layihəsində nəticə əldə olunmasa da, Çin və Rusiya ticarət, təhsil, texnologiya, nüvə təhlükəsizliyi və digər sahələrdə 40-dan çox saziş imzalayıblar.
Tərəflər münasibətləri “qırılmaz” adlandıraraq əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını bəyan ediblər. Si Cinpin bildirib ki, Çin-Rusiya münasibətləri “tarixdə ən yüksək səviyyəyə çatıb”.
Bundan əlavə, tərəflər hərbi əməkdaşlığı da dərinləşdirmək barədə razılığa gəliblər. Buraya birgə təlimlərin, hava və dəniz patrullarının genişləndirilməsi daxildir.
Putinin Pekinə səfəri ABŞ prezidenti Donald Trampın Çinə səfərindən dərhal sonra baş tutub. Çin rəhbərliyi hər iki lider üçün oxşar protokol tətbiq edib: qırmızı xalça, bayraq tutan uşaqlar və rəsmi qarşılanma mərasimi.
Corctaun Universitetinin Asiya Araşdırmaları üzrə professoru Evan Medeiros hesab edir ki, Pekin bununla həm Vaşinqton, həm də Moskva ilə münasibətlərdə balans yaratmağa çalışır.
“Çin çox incə və diqqətli mövqe tutaraq hər iki liderlə münasibətlərdə təxminən eyni səviyyəni nümayiş etdirməyə çalışdı”, deyə o bildirib.
Medeirosun fikrincə, Si Szinpin son aylarda Avropa, Yaxın Şərq və Afrika liderlərini qəbul etməklə Çini qlobal siyasətin əsas oyunçularından biri kimi təqdim etməyə çalışır.
“Si Szinpin açıq şəkildə Çini beynəlxalq siyasətdə əvəzolunmaz güc kimi mövqeləndirməyə çalışır. Bu, Çinin özünü dünyanın aparıcı dövlətlərindən biri, bəlkə də əsas gücü kimi təqdim etmək cəhdidir”, deyə ekspert vurğulayıb.
Samir


