Suyun qiyməti hansı halda qaldırıla bilər? - Ekspert

İQTİSADİYYAT
15:20 / 28.04.2023
712

Son günlərdə Azərbaycanda su ilə bağlı çox ciddi problem yaşanır. Ölkədə su qıtlığının olduğu deyilərək, bir çox əraziyə su limitlə verilir. Elə yerlər var ki, ora bir gündən bir su gəlir. 

Məsələn, nümunə olaraq Suraxanını çəkə bilərik. Belə yerlər çox olduğu üçün siyahını uzatmaq da olar. Xüsusilə, həyət evlərinə suyun verilməsində limit tətbiq olunur. Nəzərə almaq almaq lazımdır ki, qarşıdan yay ayları gəlir və suya olan ehtiyac daha da artır. Amma buna baxmayaraq, suyun limitlə verildiyi kimi, hələ bir təzyiqi də azaldılır. Ən yaxşı halda isə günorta bir neçə saat suyu verib, axşam kəsirlər. Bütün bu problemlərin yaşanarkən, indi də suyun qiymətinin bahalaşacağı iddia olunur. Onsuz da normal verilməyən suyun qiymətinin bahalaşması ehtimalı isə şübhəsiz ki, narazılığa səbəb olur.

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, su xidmətləri yaxşılaşdırıldığı halda qiyməti qaldırmaq olar:

"Biz bunun üzərindən gedərək qiymətin qaldırılmasının tərəfdarıyıq. Su qiyməti o zaman qaldırılır ki, gələcək su infrastrukturunun yaxşılaşdırılması üçün təchizatçı təşkilatların işini daha effektiv təşkil etmək mümkün ola bilsin. Bəzi hallarda su qiymətlərinin aşağı olması ona səbəb olur ki, təchizatçı təşkilatlar, məsələn "Azərsu" iqtisadi baxımdan effektiv işləyə bilmir. Bu zaman müəyyən su borularının dəyişdirilməsi və su xətlərinin yenilənməsi baş verə bilmir. Ona görə də təklif olunur ki, qiymətləri elə bir səviyyədə olsun ki, təchizatçı təşkilat iqtisadi baxımdan gəlirlə işləyən bir təşkilata çevrilsin. Əlbəttə ki, bu zaman tədricən su xətlərinin yenilənməsi və su təchizatının yaxşılaşdırılması baş verər".

Ekspert suyun keyfiyyətindən də söz açıb:

"Bizdə suyun keyfiyyəti ilə bağlı əsas problem ondan ibarətdir ki, su şəhərə təmizlənib verilsə də, köhnə borularda çirklənir. Bu boruların dəyişdirilməsi isə uzun müddət və böyük investisiyalar tələb edir. Yəni bu, asan bir məsələ deyil. Ona görə daha yaxşı xidmət üçün sakinlər arasında sorğu aparılır və bunun üzərindən müəyyən qərarlar verilir".

Rövşən Abbasov qeyd edib ki, suyun saatlarla verilməsi ürəkaçan bir mənzərə deyil:

"Biz həmişə içməli su xidmətinin getdikcə yaxşılaşdırılmasını gözləyirik. Lakin bu məcburiyyətindən irəli gələn bir qərardır. Çünki bizdə su infrastrukturunda və içməli su təchizatında olan problemlər asanlıqla həll edilə bilmir. Bu da suyun israf olunmasına gətirib çıxarır. Ona görə də su israfını azaltmaq üçün suyun saatlarla verilməsinə keçilir ki, heç olmasa su verilən zaman bu itkilər baş versin. Bununla da su itkisinin qarşısı alınır. Bu məcburiyyətindən irəli gələn bir məsələdir. Təbii ki, hər bir şəxsin 24 saat ərzində su ilə təmin olunma haqqı var. Hesab edirəm ki, su ilə bağlı qərarlar verilərkən istifadəçilərin rəyi soruşulmalıdır. Çalışmaq lazımdır ki, mümkün qədər bu proses elə həyata keçirilsin ki, sabah su istifadəçiləri arasında narazılıqlar baş verməsin".

Pərviz

0