Türkiyənin “Fənərbaxça” klubu yeni baş məşqçi axtarışlarına davam edir.
İsmail Kartalın istefasının ardından gündəmə bir çox namizəd gəlib. Son günlər mediada və sosial şəbəkələrdə daha çox Vinçenzo Montella, Abdullah Avcı və Aykut Kocaman kimi mütəxəssislərin adı önplana çıxır. Lakin klub prezidenti Aziz Yıldırımın hansı qərarı verəcəyi maraqla gözlənilir.
Bəs mövcud vəziyyətdə “Fənərbaxça”nın yeni baş məşqçisi olmağa ən yaxın mütəxəssis kimdir?
“CBC Sport” telekanalının aparıcı-eksperti, idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, İstanbul nəhənglərində mövsüm ortasında edilən baş məşqçi dəyişiklikləri hər zaman uğurlu olmur:
“Bu vəziyyət xüsusilə əcnəbi mütəxəssis təyin olunduqda daha da çətinləşir və komandanın çempionat yarışında liderlərdən kifayət qədər uzaqlaşdığının şahidi oluruq. Bu dövrdə əsas qurtarıcı qismində türk mütəxəssisin olması daha məqsədəuyğun olardı. Çünki çempionatın dilini, xarakterini və həm meydan daxilində, həm də kənarda baş verənləri dərindən bilən yerli mütəxəssis komandaya daha tez uyğunlaşardı”.
Ekspert “Fənərbaxça”nın baş məşqçi postu üçün əsas namizədlərin kim olduğundan da bəhs edib:
“Böyük ehtimalla Fənərbaxçanın yeni baş məşqçisi xarici mütəxəssis olacaq. Son vaxtlar Vinçenzo Montella adı daha çox hallanır. Lakin hər nə qədər adı ön planda olsa da, onun üçillik müqavilə tələbi və qarşıya qoyduğu şərtlər klub rəhbərliyini düşündürməyə vadar edib. İkinci namizəd isə Xose Luis Mendilibardır. “Fənərbaxça” rəhbərliyinin qızğın danışıqlar apardığı ən ideal namizəd ispan mütəxəssisdir.
Danışıqlar müsbət istiqamətdə irəliləyir və son anda heç bir problem çıxmasa, komandanın yeni baş məşqçisi olacaq. Mendilibar çox önəmli mütəxəssisdir və gələcəyi təqdirdə sistematik oyun anlayışı qazandıra bilsə də, onun gəlişi ilə bu mövsüm çempionluq hədəfinin növbəti mövsümə qalacağını proqnozlaşdırmaq olar. Çünki yeni transfer siyahısı, fasilədə görüləcək işlər və oyunçu istəkləri vaxt tələb edəcək”.
Elçin Cəfərov qeyd edib ki, türk mütəxəssislər arasında Abdullah Avcı da ön planda idi:
“Lakin klub rəhbərliyində, xüsusi idarə heyətinin üzvlərinin bir çoxunun buna qarşı çıxdığı bildirilir. Ona görə də Abdullah Avcı dosyesi kənara qoyulmuşdu. Hazırda rəhbərliyin bütün diqqəti Montella və Mendilibar üzərində cəmləşib.
“Fənərbaxça” artıq 14 ildir ki, çempionluq həsrəti çəkir. Bu durum klub üçün müəyyən mənada ciddi təzyiq və problemlər yarada bilər. Lakin rəhbərliyin əsas hədəfi mövcud situasiyada ən düzgün məşqçi seçimini reallaşdırmaqdır”.
Elmir Mustafa



