Dənizin ortasında görünən xəyali mayakların sirri açıldı

DÜNYA
19:22 / 01.11.2026
72

Dəniz səyahətləri zamanı bəzi insanlar sahildə yerləşən mayakların işığını dənizin ortasından gəlirmiş kimi görürlər. Onilliklərdir müşahidə edilən bu qəribə optik illüziyanın səbəbi nəhayət alimlər tərəfindən izah olunub.

HİT.az xəbər verir ki, bu barədə “IFLScience” nəşri məlumat yayıb.

“Xəyali mayak” illüziyası ilk dəfə 1937-ci ildə Fransanın Bretan sahillərində qeydə alınıb. Hadisə xüsusilə Avstraliyanın Böyük Sədd rifinin cənubunda yerləşən Ledi-Elliot adasında geniş tanınır. Hətta bu optik hadisə turist bələdçilərində də qeyd olunur.

Fenomeni araşdırmaq üçün professor Çarlz Kemp virtual reallıq modeli hazırlayıb. Tədqiqatda Melburn Universitetindən doktor Saymon Kropper və Lozanna Federal Politexnik Məktəbindən Veylun Syu da iştirak ediblər.

İllüziyanın səbəbi insan beyninin qavrayışıdır

Alimlərin qənaətinə görə, bu hadisə qaranlıqda insan beyninin məsafəni və hərəkəti düzgün qiymətləndirə bilməməsi ilə əlaqədardır. Görmə üçün ətraf mühitdən kifayət qədər məlumat əldə edilmədikdə beyin obyektlərin yerləşməsini müəyyənləşdirmək üçün daha çox əvvəlki təcrübə və gözləntilərə əsaslanır.

Mayakların güclü işığı uzaq məsafələrdən görünsə də, insan beyni əsasən yaxınlıqdakı obyektlərin hərəkətini qiymətləndirməyə uyğunlaşıb. Nəticədə mayak şüasının müşahidəçidən uzaq hissəsi daha yavaş hərəkət edirmiş kimi görünür. Beyin isə bu fərqi işıq mənbəyinin dənizin ortasında yerləşməsi kimi şərh edir.

Tədqiqatçıların virtual modellər əsasında apardıqları hesablamalar da bu ehtimalı təsdiqləyib. Nəticələrə görə, hündürlüyü 30 metr olan mayakdan 67 metrdən çox uzaqlaşdıqda belə illüziya yarana bilər. Mayak nə qədər hündür olarsa, bu effektin meydana çıxması üçün müşahidəçinin ondan daha uzaqda dayanması tələb olunur.

Alimlər bildirirlər ki, insanın gördüyü mənzərə təkcə gözlərdən gələn məlumatlarla deyil, beynin gözləntiləri ilə də formalaşır.

Tədqiqatın nəticələrinin mayak işığının dəniz üzərində əyri görünməsi kimi digər optik illüziyaların da izahına kömək edə biləcəyi düşünülür. Halbuki işıq şüası əslində dəniz səthinə paralel istiqamətdə yayılır.

Samir
 

0