Tənhalıq insanın yalnız psixoloji vəziyyətinə deyil, fiziki sağlamlığına da təsir göstərir. Uzun müddət sosial təcrid şəraitində yaşamaq ürək-damar xəstəlikləri, depressiya, təşviş və demensiya riskinin yüksəlməsi ilə əlaqələndirilir.
HİT.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq və bərpa təbabəti üzrə həkim Aleksey Mamatov “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, tənhalıq ürək-damar xəstəliklərinin yaranma ehtimalını artıra bilər. Bununla belə, bu əlaqə tənhalığın xəstəliklərin yeganə səbəbi olduğu anlamına gəlmir. İnsan sağlamlığına həyat tərzi, tibbi xidmətə çıxış və digər amillər də təsir edir.
Həkim bildirib ki, sosial ünsiyyət və dəstəyin azlığı gündəlik rejimi qorumağı, gəzintiyə çıxmaq və fiziki aktiv olmaq üçün motivasiya tapmağı çətinləşdirə bilər. Halbuki orqanizmin sağlam qalması üçün müntəzəm və uyğun fiziki hərəkət vacibdir. Hətta gündəlik yarım saatlıq gəzinti belə sağlamlığa müsbət təsir göstərə bilər.
Mamatovun fikrincə, uzunmüddətli tənhalıq depressiya və təşviş hallarının yaranması üçün əlavə risk amilidir. İnsan dərdini bölüşə, dəstək ala biləcəyi birini tapmadıqda gündəlik çətinlikləri daha ağır yaşaya bilər.
Nevroloq tənhalığın demensiya riskinin artması ilə də əlaqələndirildiyini vurğulayıb. Ancaq ünsiyyət çatışmazlığının hər kəsdə birbaşa demensiyaya səbəb olduğunu söyləmək düzgün deyil. Beyin sağlamlığının qorunması üçün sosial əlaqələrlə yanaşı, fiziki aktivlik, ürək-damar risklərinin nəzarətdə saxlanılması və eşitmə problemlərinin vaxtında aradan qaldırılması da əhəmiyyətlidir.
Həkim qeyd edib ki, sağlamlıq yalnız düzgün qidalanma, yuxu və idmandan asılı deyil. İnsanın sosial mühiti, ünsiyyət qurmaq, problemlərini bölüşmək və maraqlarını başqaları ilə paylaşmaq imkanı da mühüm rol oynayır. Bununla belə, özünü daim insanların əhatəsində olmağa məcbur etmək lazım deyil. Əsas məsələ insana rahatlıq və bağlılıq hissi verən ünsiyyət formasını tapmaqdır.
Samir


