İş zamanı qısa müddət yatmaq diqqəti və yaddaşı yaxşılaşdıra, stressi azalda və günün ikinci yarısında iş qabiliyyətini artıra bilər. Lakin bunun faydalı olması üçün yuxunun müddətinə və vaxtına diqqət yetirmək lazımdır.
HİT.az xəbər verir ki, nevroloq-refleksoterapevt Milyauşa Mamadəliyeva bu barədə “Gazeta.Ru”ya danışıb.
Mütəxəssisin sözlərinə görə, insanların əksəriyyətində günortadan sonra bioloji ritmlərlə əlaqədar olaraq təbii yorğunluq və yuxululuq yaranır. Xüsusilə gecə yuxusu kifayət qədər olmadıqda, qısa müddətli gündüz istirahəti beynin fəaliyyətini bərpa etməyə kömək edə bilər.
Həkim optimal gündüz yuxusunun 20-30 dəqiqə, maksimum isə 40 dəqiqə davam etməsini tövsiyə edir. Bu müddət ərzində orqanizm dərin yuxu mərhələsinə keçmədiyindən oyanmaq daha asan olur.
Nevroloq bildirir ki, qısa yuxu diqqəti və reaksiya sürətini artırır, yaddaşı yaxşılaşdırır, stress səviyyəsini aşağı salır və insana günün qalan hissəsi üçün əlavə enerji verir. Gecə yeddi saatdan az yatan şəxslərdə isə belə istirahət günün ikinci yarısında səhvlər etmək riskini azalda bilər.
Uzun gündüz yuxusu əks təsir göstərə bilər
Mamadəliyevanın sözlərinə görə, 30-40 dəqiqədən artıq yatmaq dərin yuxu mərhələsinə keçidlə nəticələnə bilər. Bu mərhələdən qəfil oyanmaq tibbdə “yuxu inersiyası” adlanır. Belə vəziyyətdə insan özünü yorğun və çaşqın hiss edə, baş ağrısı və zehni bulanıqlıq yaşaya bilər. Reaksiyalar ləngiyir, qərarvermə qabiliyyəti zəifləyir. Bu hal 15-30 dəqiqə və ya daha uzun müddət davam edə bilər.
Həkim xroniki yuxusuzluqdan, diabetdən, metabolik pozuntulardan və aşağı təzyiqdən əziyyət çəkən şəxslərin gündüz yuxusuna ehtiyatla yanaşmalı olduğunu da vurğulayıb.
Günorta yuxusu üçün əsas tövsiyələr
Mütəxəssis gündüz yatmaq istəyənlərə saat 13:00-15:00 aralığını seçməyi məsləhət görür. Onun sözlərinə görə, yuxuya getməyə sərf olunan vaxtı nəzərə alaraq zəngli saatı 25 dəqiqəyə qurmaq məqsədəuyğundur.
İstirahət üçün sakit, qaranlıq və temperaturu rahat olan yer seçilməlidir. Uzana bilməyənlər isə boyun nahiyəsinə təzyiq göstərməmək şərtilə kresloda arxaya söykənərək dincələ bilərlər.
Həkim oyanandan sonra dərhal diqqət tələb edən işlərə başlamamağı, özünə 5-10 dəqiqə vaxt ayırmağı tövsiyə edir. Əgər gündüz yuxusundan sonra insan özünü əvvəlkindən daha pis hiss edirsə və ya axşam yuxuya getməkdə çətinlik çəkirsə, bu vərdişdən imtina etmək daha yaxşıdır.
Samir


