Kriptovalyuta bazarının sürətli böyüməsi böyük qazanc imkanları yaratmaqla yanaşı, riskləri və maliyyə dələduzluğu hallarını da əhəmiyyətli dərəcədə artırır.
Mərkəzləşdirilməmiş şəbəkələrin anonimliyi kiberkələkəbazlar üçün əlverişli zəmin yaratdığından, bir çox investor böyük həcmdə vəsait itirmək təhlükəsi ilə üz-üzə qalır. Bu cür itkilərin qarşısını almaq üçün beynəlxalq səviyyədə hüquqi çərçivələrin və tənzimləmə mexanizmlərinin formalaşdırılması günün tələbinə çevrilib. İnvestorların hüquqlarının effektiv qorunması isə ilk növbədə onların maliyyə savadlılığının artırılmasından və rəqəmsal təhlükəsizlik qaydalarına riayət etməsindən asılıdır.
Rəqəmsal aktivlərə sərmayə qoyan şəxslər üçün risklərin azaldılması hansı mexanizmlərdən asılıdır? Kriptovalyuta bazarında şəffaflığı təmin etmək və vətəndaşların maraqlarını qorumaq üçün hansı tənzimləmələrə ehtiyac var?
İqtisadçı alim Fuad İbrahimov Hit.az-a açıqlamasında deyib ki, kriptovalyutalar rəqəmsal iqtisadiyyatın inkişafı üçün yeni imkanlar yaratsa da, onların dəyərinin kəskin dəyişməsi investorlar üçün ciddi maliyyə təhlükəsi formalaşdırır:

“Bu bazarda dayanıqlı etimadın yaranması üçün şəffaflığın artırılması, risklərin düzgün qiymətləndirilməsi və hüquqi tənzimləmə mexanizmlərinin gücləndirilməsi vacibdir. Əks halda, sürətli qazanc ümidi ilə edilən yatırımlar vətəndaşların yığımlarının itirilməsi ilə nəticələnə bilər”.
Ekspert onu da əlavə edib ki kriptovalyuta bazarında maliyyə savadlılığının artırılması da mühüm əhəmiyyət daşıyır:
“İnvestorlar qərar verməzdən əvvəl bazarın xüsusiyyətlərini və mümkün itkiləri nəzərə almalıdırlar. Dövlətin əsas vəzifələrindən biri isə innovasiyalara mane olmadan, vətəndaşların hüquqlarını qoruyan və maliyyə risklərini azaldan tənzimləmə mühiti yaratmaqdır”.
Sevinc


