Ötən il Azərbaycanda əhalinin ümumi gəlirləri 89 milyard 916 milyon manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8 faiz çoxdur. 2024-cü ildə gəlirlər 83 milyard 255 milyon manat, 2023-cü ildə isə 78 milyard 124 milyon manat olub.
Əhalinin gəlirlərinin əsas hissəsini əmək haqqı və sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait təşkil edir. İşçilərə ödənilən əmək haqqı 2023-cü ildə 31,6 milyard manat idi. 2024-cü ildə bu rəqəm 34,5 milyard manata, 2025-ci ildə isə 37,8 milyard manata çatıb. Yəni iki ildə təxminən 6 milyard manat artım olub.
Sahibkarlıq fəaliyyətindən gələn gəlirlər də artıb. 2023-cü ildə 32,9 milyard manat olan göstərici 2025-ci ildə 37,4 milyard manata yüksəlib.
Mülkiyyətdən gələn gəlirlər isə 2,8 milyard manatdan 3 milyard manata çatıb. Bura əmanətlərdən faiz, icarə və digər mülkiyyət gəlirləri daxildir.
Dövlətdən və digər mənbələrdən alınan cari transferlər 2023-cü ildə 10,8 milyard manat, 2024-cü ildə 10,8 milyard manat, 2025-ci ildə isə 11,7 milyard manat olub. 2024-cü ildə bu göstərici demək olar ki, dəyişməyib, 2025-ci ildə isə təxminən 8,7 faiz artıb.
Əhalinin ümumi xərcləri 2023-cü ildə 76 milyard 443 milyon manat olub. 2024-cü ildə 81 milyard 178 milyon manata, 2025-ci ildə isə 87 milyard 756 milyon manata çatıb. 2025-ci ildə xərclər əvvəlki illə müqayisədə 8,1 faiz artıb.
Xərclərin böyük hissəsini son istehlak xərcləri, yəni gündəlik tələbat üçün edilən xərclər təşkil edir. Bu xərclər 2023-cü ildə 66 milyard manat, 2024-cü ildə 70,3 milyard manat, 2025-ci ildə isə 76,1 milyard manat olub.
Ödənilən cari transferlər (vergi, ödəniş və digər məcburi ödənişlər) 2023-cü ildə 9,1 milyard manat, 2024-cü ildə 9,2 milyard manat, 2025-ci ildə 9,8 milyard manat təşkil edib.
Əhalinin qənaəti (gəlirlə xərc arasındakı fərq) 2023-cü ildə 1 milyard 681 milyon manat olub. 2024-cü ildə bu göstərici 2 milyard 78 milyon manata yüksəlib. 2025-ci ildə isə 2 milyard 160 milyon manata çatıb.
Beləliklə, 2024-cü ildə qənaət 2023-cü illə müqayisədə təxminən 24 faiz, 2025-ci ildə isə əvvəlki illə müqayisədə 4 faiz artıb. Qənaətin artım tempi 2025-ci ildə yavaşlayıb.


