Türk lirəsinin ABŞ dolları qarşısında dəyər itirməsi davam edir.
Dolların 50 lirəni keçməsi Türkiyə iqtisadiyyatında inflyasiya, idxal xərcləri və əhalinin alıcılıq qabiliyyəti ilə bağlı narahatlıqları artırır. Baş verənlər fonunda lirənin ucuzlaşmasının Azərbaycana mümkün təsirləri də müzakirə mövzusuna çevrilib.
Bəs bu proses Türkiyə iqtisadiyyatına necə təsir göstərəcək? Lirənin dəyər itirməsi manata hansı təsirləri olacaq? Qarşıdakı dövrdə manatın məzənnəsi ilə bağlı gözləntilər nələrdir?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, Türkiyə valyutasında qeydə alınan ucuzlaşma Azərbaycan manatının mövqeyinə əhəmiyyətli təsir göstərməyəcək:

“Bu proses ölkəmizdə Türkiyədən gətirilən məhsulların qiymət baxımından daha əlçatan olmasına şərait yarada bilər. Manatın məzənnəsi lirədən fərqli olaraq dollarla bağlı olduğundan, iki valyuta arasında birbaşa asılılıqdan söhbət gedə bilməz”.
Ekspert əlavə edib ki, lirənin davamlı dəyər itirməsi Türkiyənin iqtisadi vəziyyəti baxımından müsbət göstərici deyil:
“Türkiyənin üstün cəhətlərindən biri istehsal imkanlarının geniş olması və bir sıra məhsullara daxili tələbatı öz hesabına ödəyə bilməsidir. Bu amil xarici valyutadan asılılığı müəyyən qədər azaldır. Milli valyutanın uzun müddət zəifləməsi ölkə iqtisadiyyatında müəyyən problemlərin mövcudluğuna işarə edir”.
Sevinc

