Tramp qərar verəcək: Nüvə müharibəsi başlayır?

HƏRBİ
13:30 / 03.11.2026
252

Son günlərdə dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qalıb.

Çünki ABŞ-nin İrana qarşı nüvə silahından istifadə etməyə çox yaxın olduğu deyilir. Maraqlıdır ki, Ağ Ev sözügedən iddiaları təkzib etməyib. Bu da həmin ehtimalın daha da artmasına gətirib çıxarıb. Konkret olaraq, ABŞ Prezidenti Donald Trampın 7 noyabra qədər nüvə silahından istifadə edib-etməməklə bağlı qərar verəcəyi gözlənilir. 

Bəs ABŞ-nin bu həftə İrana nüvə zərbəsi endirəcəyi iddiaları nə dərəcədə həqiqətə uyğundur? Tramp həqiqətən bu addımı atacaqmı? Bu, Üçüncü Dünya müharibəsi və ya nüvə müharibəsinə səbəb ola bilər?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Hit.az-a açıqlamasında ABŞ-nin bu həftə İrana nüvə zərbəsi endirəcəyini düşünmədiyini deyib:


“Düzdür, dünən ABŞ İranın adalarından birinə zərbə endirib. Bu da həm mütəffiqlərinə bir qədər gücünü göstərmək, həm də Amerika ictimaiyyətində aralıq seçkilər zamanı özünü göstərmək üçün bir fürsətdir. Donald Tramp indi İranı hədələyir, amma Tehran da heç bir halda geri çəkilməyəcəyini bəyan edir”.

Ekspert diqqətə çatdırıb ki, hazırda ABŞ ilə İran arasında diplomatik təmaslar da davam edir:
“Lakin fikrimcə, Trampın partiyası aralıq seçkilərində uduzacağı təqdirdə, yenidən İrana qarşı hərbi əməliyyatlara başlayacaq. Çünki o bu haqda artıq İsrailin Baş naziri Benyamin Netanyahu ilə müəyyən razılıq əldə edib.

Hərçənd ki, Üçüncü Dünya müharibəsi təhlükəsi də görmürəm. Məsələn, Rusiya-Ukrayna müharibəsi də artıq 5 ilə yaxınlaşıb. Bu müharibədə NATO da, Avropa da var. Buna görə də hesab edirəm ki, hər hansı bir nüvə müharibəsi olmayacaq”.

Polkovnik qeyd edib ki, Tramp ötən gün ilk dəfə səlahiyyət müddəti bitəndən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb:
“Bu, ilk dəfə idi Trampın dilindən səslənirdi. O, indiyə qədər dəfələrlə hansısa yolla vəzifədə qalmaq istədiyini deyirdi. Lakin Tramp dünən 3-cü dəfə prezident seçilməsinin mümkün olmadığını etiraf etdi. Elə bu da İrana qarşı hər hansı bir nüvə zərbəsi olmayacağını göstərir.

Çünki nüvə zərbəsi ABŞ-ni və mütəffiqləri çox ağır iqtisadi, siyasi, eləcə də hərbi duruma salacaq. Ona görə də prezident kimi son 2 ili qalmış Trampın belə ağılsızlıq edəcəyini zənn etmirəm”.

Elmir Mustafa

0