Bölgə savaşın astanasında: Nələr yaşana bilər?

HƏRBİ
14:00 / 03.11.2026
177

ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra Yaxın Şərqdə İran-İsrail qarşıdurmasının yenidən genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı var. 

Bu dəfə mümkün hərbi ssenarinin İranın raket və pilotsuz uçuş aparatları arsenalının sıradan çıxarılması, nüvə proqramının tamamilə zərərsizləşdirilməsi və hətta ölkədə siyasi hakimiyyətin dəyişdirilməsini hədəfləyə biləcəyi ehtimal olunur. Belə bir ssenari yalnız İranın deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi və təhlükəsizlik mənzərəsini köklü şəkildə dəyişə bilər. 

Münaqişənin enerji marşrutlarına, nəqliyyat dəhlizlərinə, ticarət əlaqələrinə və regional sabitliyə mümkün təsirləri ciddi təhlil tələb edir. Xüsusilə müharibənin uzanması, qaçqın axını, sərhəd təhlükəsizliyi və böyük dövlətlərin regiondakı maraqlarının toqquşması yeni çağırışlar yarada bilər. 

Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan MDB və Türk Dövlətləri Təşkilatının üzvü olmaqla yanaşı, öz milli maraqlarını və regional prioritetlərini rəhbər tutmalıdır: 


“Azərbaycanın əsas məsələlərindən biri İranda yaşayan Güney Azərbaycan türklərinin hüquqlarının qorunması, onların ana dilində təhsil almaq və milli-mədəni kimliklərini yaşatmaq imkanlarının təmin edilməsidir. Biz müharibə istəmirik. Könül istər ki, müharibə baş verməsin, şəhərlər və kəndlər dağıdılmasın, insanlar öz doğma yurdlarını tərk edərək qaçqına çevrilməsin. Lakin Azərbaycan İranda mümkün siyasi dəyişikliklərə və ölkənin parçalanması ehtimalına da hazırlıqlı olmalıdır.

1990-cı illərdə Qafqaz və Mərkəzi Asiyada yaşayan türk xalqları ilə gələcək əməkdaşlıq imkanları barədə suala cavab verən Türkiyənin mərhum prezidenti Turqut Özal Türkiyənin SSRİ-nin dağılmasına hazır olmadığını bildirmişdi. Demişdi ki, “Biz elə bilirdik SSRİ 2000- ci ildə dağılacaq”. Azərbaycan da eyni səhvi təkrarlamamalıdır. İranda baş verə biləcək köklü siyasi dəyişikliklər fonunda Güney Azərbaycan məsələsi ölkənin xarici siyasət və milli təhlükəsizlik gündəliyində xüsusi yer tutmalıdır. İranda yaşayan milyonlarla soydaşımız bizim qan qardaşlarımızdır, eyni kökə, dilə və tarixi-mədəni bağlara malikik. Biz onları taleyin ümidinə buraxa bilmərik”.

Azərbaycan Respublikasının 50 milyonluq bir xalqın ortaq dövləti olduğunu xatırladan Elman Cəfərli bildirib ki, daha qalıcı olan təbii tarixi köklərə malik birliklərdir: 
“Azərbaycan dünyası balaca deyil. Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Qafqazda, İranda, Türkiyədə, İraqda, Suriyada, Gürcüstanda varıq. Bu toplumun mənəvi birliyi yetər ki, böyük mərkəzinə çevrilək”.

Pərviz

0