Rusiya Ukraynaya qarşı növbəti genişmiqyaslı hücuma hazırlaşır. Hücum zamanı əsas hədəflərin enerji infrastrukturu və logistika obyektləri olacağı gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. UNİAN-ın məlumatına görə, dövlət başçısı Rusiyanın hücum planlarının beynəlxalq ictimaiyyətin diqqətinin ABŞ-da keçirilən aralıq seçkilərə yönəldiyi vaxta təsadüf edə biləcəyindən narahatlığını ifadə edib.
Zelenski bildirib ki, Moskva ABŞ-dakı seçkilər fonunda Ukraynanın hava hücumundan müdafiə sistemləri və “Patriot” kompleksləri üçün raket çatışmazlığı ilə bağlı problemlərinin dünya gündəmindən kənarda qalacağına ümid edə bilər.
Ukrayna lideri beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı daha təsirli mövqe nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, Kreml terror hücumlarından heç bir siyasi və iqtisadi fayda əldə etməyəcəyini anlamalıdır. Zelenski həmçinin Rusiyanın hazırladığı hücuma Ukraynanın cavab verəcəyini vurğulayıb.
Rusiya enerji infrastrukturuna qarşı taktikasını dəyişib
Prezidentin sözlərinə görə, Rusiya ordusu bu il enerji sisteminə hücumların taktikasını dəyişərək yalnız elektrik enerjisi istehsal edən obyektləri deyil, həm də elektrik şəbəkələrini və paylayıcı infrastrukturu hədəfə alır.
Zelenski qeyd edib ki, Ukraynanın enerji obyektlərinə gün ərzində onlarla hücum təşkil edilir. Bu şəraitdə zədələnmiş infrastrukturun bərpası enerji təhlükəsizliyinin təmin edilməsində hava hücumundan müdafiə sistemləri üçün raketlərin mövcudluğu qədər vacibdir.
O, enerji işçilərinin və təmir briqadalarının çətin şəraitdə böyük iş gördüyünü bildirib.
Samir

