“Son günlərdə Fransadakı vəziyyət həddindən artıq mürəkkəb xarakter alıb”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun da kökündə Fransa dövlətinin yanlış siyasəti dayanır:
“Prezident Emmanuel Makronun yanlış siyasəti xaosa səbəb olub. O, səhv rəhbərlik edən, dövlət siyasətinə uyğun olmayan adamdır. Özü də nə etdiyini bilmir. Əslində, düşüncəli adam Makronun etdiyi kimi hakimiyyətə gəlməzdi. Makron hakimiyyətə gələndə iddia edir ki, Fransanın beşinci respublikasını yaradacaq. Görünür, özünü Şarl de Qolla oxşadır. Çünki sonuncu respublika məhz Şarl de Qollun adı ilə bağlıdır”.
Lakin ekspert qeyd edib ki, Makronun etdikləri ilə iddiası üst-üstə düşmədi:
“Hesab edirəm ki, onun imkanları hardasa adicə əyalət rəhbəri olmağa bəs edər. Nəzərə almaq lazımdır ki, Fransanı faktiki olaraq Emmanuel Makron deyil, həyat yoldaşı Bricit Makron idarə edir. Hətta xanımı ona hörmət etmir. Üstəlik, dünya dövlətlərinin əksəriyyəti Makronu dövlət başçısı kimi də qəbul etmir.
İndi Fransa dağılır və orada çox böyük problemlər var. Həm ərzaq və yanacaq qiymətləri qalxır, həm də təshil və iqtisadiyyatla bağlı mühüm problemlər yaşanır. Fransanın guya dünyada təhsilin əsas mərkəzlərindən biri olduğu deyilirdi, ancaq hər şey üzə çıxdı. Onlar, özlərini inkişaf etmiş sayırdılar, amma elə bunun nəticəsində də belə etirazlar başladı”.
Ekspert diqqətə çatdırıb ki, Emmanuel Makron tamamilə yanlış xarici siyasət apardı:
“O, türk dünyasına, bütövlükdə İslam dünyasına qarşı sərt mövqe tuttu. Nəticədə, həm daxili siyasətin eybəcərlikləri, həm xarici siyasətdəki uğursuzluqlar insanların narazılığına gətirib çıxardı. Faktiki olaraq, Fransadakı vəziyyət çox ağırdır, hamı günahkar axtarır. Ancaq əsas günahkar Emmanuel Makrondur. Onun yanlış siyasəti ölkəsini xaosa apardı.
Orada elə bir vəziyyət yaranıb ki, xalqın heç vaxt dəstək vermədiyi ifrat sağa meylli partiya Marin Le Penin partiyasının səsləri artıq 50 faizə yaxınlaşıb. Makron isə 10 faizdən belə aşağı düşüb. Bunun hamısı Makronun yaratmaz siyasətinin nəticəsidir. Əslində, insanların Marin Le Penə sevgisi yoxdur, sadəcə olaraq Makrondan xilas olmaq üçün ona səs verirlər”.
Partiya sədri xatırladıb ki, Makron Azərbaycana qarşı da əsassız siyasət yeridirdi:
“Onun hakimiyyəti Azərbaycana böhtan atdı, ölkəmizə qarşı qətnamələr qəbul etdi və ən bədbəxt mövqeyə keçdi. Bu da onun siyasətinin ən eybəcər tərəflərindən biri idi. Ancaq rəsmi Bakı onun Fransanın əsl üzünü ifşa etdi.
Azərbaycanın atdığı addımlar və apardığı düzgün siyasət Fransanın Afrikadan çıxmasına səbəb oldu. Bu gün isə başda Fransa xalqı olmaqla, bütün dünya Makronun əsl üzünü gördü. Milyonlarla fransız vətəndaşı onun bərbad siyasətindən xilas olmaq üçün etiraz aksiyaları keçirirlər. Makronun isə onların qarşısında dayanmaq şansı yoxdur”.
Elmir Mustafa



