“Analıq məzuniyyətindən sonra iş həyatına qayıtmaq hər qadın üçün eyni şəkildə yaşanmır”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi qadınlar bu prosesi həvəslə qarşılayır, öz peşəkar fəaliyyətlərinə qayıtmağı səbirsizliklə gözləyirlər:
“Bəziləri üçün isə bu, kifayət qədər mürəkkəb emosional və psixoloji keçidə çevrilir. Çünki burada söhbət sadəcə iş rejiminin dəyişməsindən getmir. Qadın eyni zamanda analıq rolundan ayrılmadan yenidən peşəkar kimliyinə uyğunlaşmağa çalışır. Psixoloji baxımdan bu çətinliyin bir neçə təməl səbəbi var. Onlardan biri qadında yaranan günahkarlıq hissidir.
Xüsusilə övladının ilk illərində onunla daha çox vaxt keçirən analar işə qayıdarkən özlərini sanki övladlarına qarşı məsuliyyətsiz davranırmış kimi hiss edə bilirlər. Daxillərində “Mən işləyərkən övladımın yanında olmalıyam”, “Mənim yoxluğum ona necə təsir edəcək?” kimi düşüncələr yaranır. Bu düşüncələr qadının işə diqqətini cəmləməsinə mane olur və emosional gərginlik yaradır”.
Ekspertin sözlərinə görə, əslində burada qadının öz analıq məsuliyyətini necə dərk etməsi, yaxşı ana olmaqla bağlı hansı inanclara sahib olması mühüm rol oynayır:
“Əgər qadın yaxşı ananı daim övladının yanında olan, bütün ehtiyaclarını özü qarşılayan biri kimi qəbul edirsə, işə qayıtmaq onun üçün daxili konfliktə çevrilə bilər. Digər mühüm səbəb analıqdan sonra şəxsiyyət və rol dəyişiklikləridir. Qadın analıqdan əvvəl özünü müəyyən peşə, sosial münasibətlər, maraqlar və şəxsi məqsədlər vasitəsilə tanıyırdı. Analıqdan sonra isə həyatının mərkəzinə yeni bir məsuliyyət daxil olur. Zaman keçdikcə qadın özünü daha çox ana rolu ilə eyniləşdirə bilər. İşə qayıtdıqda isə əvvəlki peşəkar kimliyini yenidən aktivləşdirməkdə çətinlik çəkir.
Bəzən özünü əvvəlki qədər bacarıqlı hesab etmir, iş mühitində dəyişikliklərə uyğunlaşmaqdan çəkinir, hətta öz peşəkar dəyərini sorğulamağa başlayır. Bu, özünəinamın zəifləməsi və uğursuzluq qorxusu ilə də əlaqəli ola bilər. Bəzi hallarda ayrılıq narahatlığı da mühüm rol oynayır. Ana övladından uzaq olduğu müddətdə onun təhlükəsizliyi, qidalanması, emosional vəziyyəti haqqında həddindən artıq düşünə bilər”.
Psixoloq qeyd edib ki, uşağın anadan ayrılarkən ağlaması və ya ananı axtarması qadında narahatlığı daha da gücləndirə bilər:
“Ana bu reaksiyanı bəzən uşağın ona ehtiyacı olduğu və işləməsinin düzgün olmadığı kimi şərh edir. Halbuki ayrılığa uyğunlaşmaq həm ana, həm də uşaq üçün zaman tələb edən bir prosesdir. Həmçinin, qadının üzərinə düşən məsuliyyətlərin artması da psixoloji gərginliyi gücləndirir. İş həyatına qayıdan qadın çox vaxt əvvəlki kimi evin və uşağın bütün məsuliyyətini də daşımağa davam edir.
İşdə məhsuldar olmaq, evdə qayğı göstərmək, uşağın ehtiyaclarını qarşılamaq və şəxsi münasibətləri qorumaq arasında tarazlıq yaratmağa çalışır. Bu vəziyyət uzun müddət davam etdikdə emosional tükənmə, əsəbilik, diqqət dağınıqlığı və özünə vaxt ayıra bilməmək kimi nəticələr yarana bilər. Bəs qadın bu adaptasiya prosesini necə asanlaşdıra bilər? İlk növbədə, öz hisslərini mühakimə etməməlidir. İşə qayıtmaqla bağlı narahatlıq, kədər, günahkarlıq və hətta tərəddüd yaşamaq normaldır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, əsas məsələ bu hissləri boğmaq deyil, onların arxasında hansı düşüncələrin və qorxuların dayandığını anlamaqdır:
“Qadın özünə sual verə bilər: “Mən həqiqətən övladımdan ayrılmaq istəmirəm, yoxsa yaxşı ana olmadığım düşüncəsindən qorxuram?” Bu iki vəziyyətin psixoloji mənası fərqlidir. İkinci olaraq, adaptasiyanı mərhələli şəkildə təşkil etmək lazımdır. Mümkündürsə, işə başlamazdan əvvəl gündəlik rejimi tədricən dəyişmək, övladı etibar etdiyi şəxslə qısa müddətə tək qoymaq və yeni qaydaya alışmaq faydalıdır. Bu, həm ananın, həm də uşağın ayrılıq prosesinə daha rahat uyğunlaşmasına kömək edə bilər.
Eyni zamanda, özündən mükəmməllik gözləməməkdir. Qadın həm ideal ana, həm ideal işçi, həm də bütün ailə məsuliyyətlərini qüsursuz yerinə yetirən insan olmağa çalışdıqda özünü davamlı təzyiq altında saxlayır. Sağlam psixoloji yanaşma bütün rolları eyni anda mükəmməl icra etmək deyil, ehtiyaclara uyğun prioritetlər müəyyənləşdirməkdir. Ailə daxilində məsuliyyət bölgüsünün aparılması və həyat yoldaşından dəstək istənilməsi də bu prosesin mühüm hissəsidir”.
Ülviyyə Ağazadə söyləyib ki, qadın analıqdan əvvəl sahib olduğu şəxsi maraqlarına və peşəkar məqsədlərinə yenidən yer ayırmalıdır:
“Çünki analıq qadının şəxsiyyətinin yalnız bir hissəsidir, bütöv şəxsiyyəti deyil. Onun işləmək, inkişaf etmək, sosiallaşmaq, maddi müstəqilliyini qorumaq və özünü reallaşdırmaq ehtiyacı da var. Əgər bu proses zamanı güclü narahatlıq, davamlı ağlama, ümidsizlik, yuxu pozuntuları, özünü dəyərsiz hiss etmək və gündəlik fəaliyyətə ciddi mane olan emosional çətinliklər müşahidə edilirsə, psixoloq dəstəyinə müraciət etmək məqsədəuyğundur.
Xüsusilə vurğulamaq istərdim ki, qadının işə qayıtmaqda çətinlik çəkməsi onun zəif, qərarsız və ya analığa hazır olmayan biri olması demək deyil. Bu, həyatında baş vermiş böyük dəyişikliyə psixoloji uyğunlaşma ehtiyacıdır. Qadın özünü yalnız ana olmaqla məhdudlaşdırmamalıdır. Çünki övladına sevgi göstərmək üçün öz arzularından, peşəsindən və şəxsi inkişafından imtina etməsi vacib deyil. Sağlam analıq qadının özünü unutması deyil, ana olmaqla yanaşı öz varlığını da qoruya bilməsidir”.
Pərviz



