Son zamanlar sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında diqqətçəkən görüntülər müzakirələrə səbəb olub.
Söhbət azyaşlı qız uşaqlarının uzun saçlarının gözəllik salonlarında kəsilərək satılmasından gedir. Belə videolarda valideynlərin uzun saçlı qızlarını salonlara gətirdiyi, saçların uzunluğuna və çəkisinə uyğun olaraq kəsildiyi, əvəzində isə uşağın saçına görə müəyyən məbləğdə pul ödənildiyi görünür. İlk baxışdan adi saç kəsimi və alqı-satqısı kimi görünən bu proses əslində bir sıra suallar doğurur.
Uşağın uzun illər ərzində böyütdüyü saçların pul qarşılığında kəsilməsi nə dərəcədə doğrudur? Valideynlər bu qərarı verərkən övladlarının istəyini nə qədər nəzərə alırlar? Daha vacibi, uşağın görünüşünün maddi qazanc mənbəyinə çevrilməsi onun psixologiyasında hansı izləri buraxa bilər?
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, uşağın saçının kəsilməsi deyil, seçim haqqının əlindən alınması təhlükəlidir:
"Psixoloji baxımdan bu məsələyə yalnız saçın uzun və ya qısa olması prizmasından yanaşmaq düzgün olmaz. Çünki saç uşaq üçün bəzən sadəcə xarici görünüşün bir hissəsi deyil, özünüifadə vasitəsidir. Xüsusilə uzun saçlı qız uşaqları saçlarına emosional bağlılıq göstərə, onları öz gözəlliklərinin və fərdi görünüşlərinin bir hissəsi kimi qəbul edə bilərlər.
Uşaq saçını kəsdirmək istəmədiyi halda valideyninin qərarı ilə buna məcbur edilirsə, onda öz fikrinin əhəmiyyətsiz olduğu düşüncəsi yarana bilər. Belə vəziyyətlərdə uşaq təkcə görünüşündəki dəyişikliklə deyil, qərarvermə prosesindən kənarda saxlanılması ilə də barışmalı olur. Azyaşlı uşaq ailənin maddi ehtiyaclarını, saçın bazar dəyərini və bu satışın səbəblərini böyüklər kimi dərk etmir. O, sadəcə saçının kəsilməsi müqabilində pul verildiyini görür".

Ekspert qeyd edib ki, əgər valideyn bu prosesi uşağa mütəmadi olaraq qazanc əldə etməyin bir yolu kimi təqdim edirsə, uşaq zamanla öz görünüşünün və bədəninə aid xüsusiyyətlərin maddi dəyərlə ölçülməsinə alışa bilər:
"Bu isə uşağın özünə münasibətində arzuolunmaz yanaşmaların formalaşmasına şərait yarada bilər. Burada xüsusilə diqqət yetirilməli məqam valideynin uşağa hansı mesajı ötürməsidir. Uşaq valideyninin razılığını qazanmaq, onu sevindirmək və ya ailəyə kömək etmək üçün istəmədiyi qərarla razılaşmağa çalışa bilər. Belə olduqda onun həqiqi istəyi ilə böyüklərin gözləntisi arasında fərq yaranır".
Psixoloq onu da əlavə edib ki, uşağın saçının uzanması və ya qısaldılması ailənin şəxsi qərarı ola bilər:
"Ancaq bu qərarın arxasında maddi qazanc dayanırsa, valideyn daha məsuliyyətli davranmalıdır. Ailənin maddi vəziyyətindən asılı olmayaraq, uşağa ailənin iqtisadi yükünü daşımalı olduğu hissi aşılanmamalıdır".
Sevinc


