Azərbaycanda turizmin inkişafı üçün nəzərdə tutulan tədbirlərin effektiv icrası ölkəyə gələn əcnəbilərin sayını 2030-cu ilədək 5 milyona yaxınlaşdırmağa imkan verə bilər.
Bunu İqtisadiyyat.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.
Onun sözlərinə görə, turizmin inkişafı ilə bağlı müəyyən edilən əsas hədəflərdən biri 2030-cu ilə qədər Azərbaycana gələn əcnəbilərin sayının təxminən 4 milyona çatdırılmasıdır:
“Düşünürəm ki, nəzərdə tutulan tədbirləri həyata keçirə bilsək, hətta bundan daha yüksək göstəriciyə – 5 milyona yaxın əcnəbinin ölkəmizə gəlməsinə nail olmaq kifayət qədər real görünür”.
Ekspert bildirib ki, bunun üçün əsas məsələlərdən biri Azərbaycanın turistlər üçün əlçatanlığının artırılmasıdır. Onun fikrincə, hər hansı turizm destinasiyasının inkişafında üç əsas amil – təhlükəsizlik, rekreasiya resursları və turizm məhsullarının mövcudluğu, eləcə də əlçatanlıq mühüm rol oynayır.
C.Aşırov hesab edir ki, Azərbaycan ilk iki istiqamətdə lazımi imkanlara malik olsa da, əlçatanlıq məsələsində müəyyən problemlər qalmaqdadır.
Onun sözlərinə görə, Azərbaycana daha əlverişli şərtlərlə uçuşların təşkili və regionlara birbaşa aviareyslərin artırılması ölkəyə daha çox turist cəlb etməyə imkan verə bilər. Bu addım eyni zamanda turist axınının Bakı ilə məhdudlaşmayaraq regionlar arasında daha geniş paylanmasına və yerli turizm infrastrukturunun inkişafına təkan verər.
C.Aşırov bildirib ki, regional hava limanlarından daha səmərəli istifadə turizmdən əldə olunan gəlirlərin də bölgələr arasında bölüşdürülməsinə müsbət təsir göstərə bilər.
Ekspert cari ildə turizm göstəricilərində müşahidə olunan azalmanın da diqqətdən kənarda qalmamalı olduğunu deyib. Onun sözlərinə görə, açıqlanan statistikaya əsasən, yanvar-sentyabr aylarında Azərbaycana gələn turistlərin sayında təxminən 8 faizə yaxın azalma qeydə alınıb.
O bildirib ki, ilin ortalarında, xüsusilə iyun-avqust dövründə azalma 10 faizə yaxın olsa da, sonrakı mərhələdə geriləmənin tempi zəifləyib.
“Buna baxmayaraq, 2026-cı il turizm sektoru üçün müəyyən qədər gözləntilərin altında qaldı. Ümumilikdə regionda baş verən hadisələrin fonunda turist sayında azalma müşahidə etdik”, – C.Aşırov qeyd edib.
Ekspertin sözlərinə görə, geriləməyə Azərbaycanın bir sıra mühüm turizm bazarlarından gələnlərin sayının azalması təsir göstərib. "Xüsusilə Körfəz ölkələri, İran və İsrail istiqamətlərindən turist axınında ciddi azalma qeydə alınıb. Hindistan və Pakistan bazarlarında da geriləmə müşahidə olunub. Bununla yanaşı, bəzi istiqamətlərdə müsbət dinamika var", - deyə ekspert qeyd edib.
C.Aşırov bildirib ki, Mərkəzi Asiya bazarı daha da aktivləşib. "Xüsusilə Qazaxıstan və Özbəkistandan gələnlərin sayında müvafiq olaraq 20 və 30 faizdən çox artım müşahidə olunub. Çindən gələnlərin sayında da müəyyən artım qeydə alınıb", - deyə o qeyd edib.
Ekspert MDB və Avropa ölkələrindən turist axınında cüzi artımların müşahidə edildiyini bildirib.
C.Aşırov hesab edir ki, turistlərin sayının artırılması üçün əlçatanlıqla yanaşı, Azərbaycanın turizm məhsullarının çeşidi də genişləndirilməli, mövcud imkanlar müxtəlif regionlar üzrə daha fəal şəkildə təqdim və təbliğ olunmalıdır.
Onun fikrincə, regional turizm məhsullarının inkişaf etdirilməsi, yeni bazarlara çıxış, birbaşa uçuşların genişləndirilməsi və ölkəyə səfərin daha əlçatan olması qarşıdakı illərdə Azərbaycanın 4 milyonluq hədəfə çatmasına, əlverişli şəraitdə isə bu göstəricinin 5 milyona yaxınlaşmasına imkan verə bilər.


