TikTok-da kredit vədi ilə 430 manatlıq dələduzluq

HADİSƏ
18:38 / 29.07.2026
38

Sumqayıt şəhərində sosial şəbəkə vasitəsilə kredit verilməsi adı altında vətəndaşı aldadaraq pulunu ələ keçirən şəxslə bağlı məhkəmə qərarı verilib.

Hit.az xəbər verir ki, təqsirləndirilən şəxs "TikTok" platformasında kredit xidməti təklif edən səhifə yaradaraq vətəndaşlara borc pul verəcəyini vəd edib. O, həmin səhifə vasitəsilə tanış olduğu Sumqayıt sakininə 6 min manat kredit ayıra biləcəyini bildirib.

İttihama əsasən, təqsirləndirilən şəxs əvvəlcə kreditin rəsmiləşdirilməsi adı ilə zərərçəkmiş şəxsdən 50 manat, daha sonra isə 40 manat pul alıb. Daha sonra kredit məbləğinin köçürülməsi bəhanəsi ilə vətəndaşdan bank kartının məlumatlarını istəyib.

Kart məlumatlarını əldə etdikdən sonra onun hesabından 340 manat pul vəsaitini çıxararaq özünün istifadə etdiyi "Pin-up" hesabına köçürüb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 430 manat maddi ziyan dəyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, "TikTok"da kredit xidməti adı ilə səhifə yaradıb və məqsədi kredit götürmək istəyən şəxsləri aldatmaq olub.

Təqsirləndirilən şəxs etiraf edib ki, zərərçəkmiş şəxsdən əvvəlcə 50 və 40 manat alıb, daha sonra kart məlumatlarını əldə edərək hesabdan pul çıxarıb. O, həmin pulla mərc oyunları oynadığını və müəyyən məbləğ qazandığını bildirib. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini və törətdiyi əmələ görə peşman olduğunu deyib.

Zərərçəkmiş şəxs isə ifadəsində "TikTok"da kredit elanı gördüyünü, səhifə sahibi ilə əlaqə saxladığını və ona 6 min manat kredit veriləcəyinin bildirildiyini söyləyib. O, sonradan kart məlumatlarını qarşı tərəfə göndərdiyini və hesabından pul çıxarıldığını müəyyən etdiyini qeyd edib. Zərər ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi (elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq) ilə təqsirli bilib. Hökmə əsasən, ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həbsdə saxlanıldığı 1 gün müddət cəzadan çıxılaraq yekun olaraq 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilib.

Abbas 
 

0