Son zamanlarda Rusiya – Ukrayna müharibəsi fonunda Kremlin təklifi diqqət çəkir.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski mütəmadi şəkildə Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini açıqlayır. Lakin Putin hər dəfə onu Moskvaya dəvət edir. Son günlərdə də anoloji hal təkrarlandı və Kreml bir daha Zelenskini Moskvaya dəvət etdi.
Maraqlıdır, Rusiyanın israrla Zelenskini Moskvaya dəvət etməkdə məqsədi nədir?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Hit.az-a açıqlamasında bildirib ki, Zelenskinin Moskvaya səfər etməsi inandırıcı deyil:
“Düzdür, bu görüşün baş tutmaması üçün Rusiya bir neçə dəfə Ukrayna liderini Moskvaya dəvət edib. Lakin müharibə edən tərəflərin bir-birinin ərazisində və yaxud da paytaxtında görüşməsi real deyil. Yəni müharibə bitmədiyi və tərəflərdən hər hansı birinin məğlubiyyəti etiraf etmədəyi vəziyyətdə liderlərin görüşü neytral bölgədə keçirilməlidir”.
Ekspert Kremlin bu mövqeyinin səbəbini də izah edib:
“Rusiyanın bu mövqeyinin səbəbi həm bir növ müharibəni dayandırmaq istəmədiyini göstərmək, həm də Zelenskini alçaltmaq məqsədi daşıyır. Çünki bu normal bir təklif deyil. Bəlkə də Rusiya özünü hələ də imperiya zənn etdiyi üçün Ukraynaya əyalət kimi yanaşaraq belə təklif verir.
Ancaq Kreml bütün hallarda bir suveren dövlətə, onun rəhbərinə diplomatik dillə doğru olmayan bir münasibət sərgiləyir. Aydındır məsələdir ki, Volodimir Zelenski Moskvaya getməyəcək. Bu görüş olmadığı üçün isə müharibə davam edir”.
Elmir Mustafa



