Son illər azyaşlıların və yeniyetmələrin evdən qaçması ilə bağlı xəbərlərə mediada tez-tez rast gəlinir.
Bəzən saatlarla, hətta günlərlə axtarılan uşaqların tapılması ilə bağlı məlumatlar cəmiyyətdə narahatlıq doğurur. Belə hadisələrdən sonra isə istər-istəməz bir sual yaranır: Uşağı öz evindən, ailəsindən uzaqlaşmağa vadar edən nədir?
İlk baxışdan bu cür davranış yeniyetmələrin özbaşınalığı, valideyn sözünə qulaq asmaması və ya sərbəst yaşamaq istəyi kimi görünə bilər. Lakin məsələnin psixoloji tərəfi daha mürəkkəbdir. Bəzən uşaq evdən qaçmaqla valideynlərinə etirazını göstərməyə çalışır, bəzən isə yaşadığı mühitdən, qorxudan və ya dözə bilmədiyi vəziyyətdən uzaqlaşmaq istəyir.
Uşaqların evdən qaçmasına səbəb ola biləcək amillərdən biri ailədəki münasibətlərdir. Bəzi valideynlər övladlarının gələcəyini düşünərək onların hər addımına nəzarət etməyə çalışırlar. Dost seçiminə qarışmaq, geyimə məhdudiyyət qoymaq, telefonunu daim yoxlamaq, şəxsi fikirlərini nəzərə almamaq və hər məsələdə öz qərarlarını qəbul etdirmək yeniyetmədə sıxılma hissi yarada bilər.
Xüsusilə yeniyetməlik dövründə uşaqlar müstəqillik və şəxsi sərhədlərə daha çox ehtiyac duyurlar. Bu ehtiyacın ailə tərəfindən daim rədd edilməsi münaqişələri dərinləşdirə bilər. Uşaq bəzən fikrini izah etmək əvəzinə evdən uzaqlaşmağı çıxış yolu hesab edir.
Bəzi uşaqlar səhv etdikdə valideynlərinin reaksiyasından həddindən artıq qorxurlar. Məktəbdə zəif qiymət almaq, dərsdən yayınmaq, hansısa əşyanı itirmək və ya valideynin qadağasını pozmaq onlar üçün ciddi stress mənbəyinə çevrilə bilər.
Əgər ailədə səhvlər daim təhqir, qışqırıq, hədə və fiziki cəza ilə qarşılanırsa, uşaq valideyninə həqiqəti deməkdən çəkinə bilər. Hətta kiçik bir problemin böyük münaqişəyə çevriləcəyini düşünərək evdən getməyi üstün tuta bilər.
Valideynlər arasında davamlı mübahisələr, boşanma, ailə üzvlərinin bir-birinə qarşı aqressiv davranışı uşağın psixoloji vəziyyətinə təsirsiz ötüşmür. Bəzən böyüklər öz problemlərinin uşaqlara təsir etmədiyini düşünürlər. Halbuki evdəki gərginlik uşağın özünü təhlükəsiz hiss etməsinə mane ola bilər.
Sevinc

