Fransanın avtomobil nəhəngi “Renault” məşhur “Megane” modelinin tamamilə yenilənmiş nəslini birbaşa “Tesla Model Y” ilə rəqabət aparacaq şəkildə bazara çıxarmağa hazırlaşır.
Hit.az xəbər verir ki, avtomobil mətbuatının aparıcı nəşrlərindən olan “AutoExpress” tərəfindən hazırlanan rəqəmsal konsept illüstrasiyaları fransız brendinin yeni dizayn istiqamətini göstərir.
Yeni nəsil “Megane” modeli ənənəvi heçbek gövdə quruluşundan tamamilə uzaqlaşaraq daha hündür yapılı krossover-heçbek formasında təqdim olunacaq. Rəqəmsal konsept dizaynlarında “Clio” modelini xatırladan nazik LED ön fənərlər və dar radiator barmaqlığı diqqət çəkir. Alçaq burun hissəsi və qısa arxa çıxıntı avtomobilə aerodinamik siluet qazandırır.
Həmçinin, şirkət mühəndisləri batareya bloku daxil olmaqla nəqliyyat vasitəsinin ümumi çəkisini 2 tondan aşağı saxlamağı hədəfləyirlər. Model “Ampere” bölməsinin batareyanı birbaşa gövdəyə inteqrasiya edən rəqəmsal “RG EV Medium 2.0” platforması üzərində inşa olunacaq.
Üstəlik, nəqliyyat vasitəsi alıcılara iki fərqli güc variantında təklif ediləcək. Dörd təkərdən çəkişli (4WD) sistemlə təchiz ediləcək tam elektrikli versiyada tutumu 90 кVt/saatdan aşağı olan LFP (Litiy-Dəmir-Fosfat) batareyadan istifadə ediləcək. Bu versiya tək şarjla 748 kilometrə qədər yürüş məsafəsi vəd edir. Daxili yanma mühərrikinin yalnız generasiya rolu oynadığı “Range Extender” texnologiyalı hibrid versiyada isə ümumi yürüş məsafəsinin 1 400 kilometrə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, yenilənmiş “Renault Megane” modelinin rəsmi təqdimatının və satışlarının 2028-ci ildə reallaşdırılması planlaşdırılır.
Pərviz






