Şəki və Ağsu rayonlarında tikinti materialları mağazalarından icarə adı ilə götürdüyü döşəmə yonan alətləri qaytarmayaraq satan şəxs barəsində məhkəmə hökm çıxarıb.
Hit.az xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs alətləri əldə etmək üçün mağaza sahiblərinə yalan vədlər verib və onların etibarından sui-istifadə edib.
İttihama əsasən, hadisələrdən biri 2024-cü ildə Şəki rayonunun Qoxmuq kəndində yerləşən “Qorxmazoğulları” inşaat malları mağazasında baş verib. Təqsirləndirilən şəxs özünü mağaza sahibinin tanışının müştərisi kimi təqdim edərək iki ədəd döşəmə yonan aləti bir günlük icarəyə götürüb.
O, bunun üçün 26 manat icarə haqqı ödəyib və alətləri qısa müddətdə geri qaytaracağını bildirib. Lakin ümumi dəyəri 6500 manat olan iki avadanlığı geri qaytarmayıb və daha sonra Bakı şəhərində satıb.
Digər hadisə isə Ağsu şəhərində yerləşən “Həsən İnşaat” tikinti materialları mağazasında qeydə alınıb. Təqsirləndirilən şəxs burada da özünü usta kimi təqdim edərək 3250 manat dəyərində döşəmə yonan aləti bir günlük icarəyə götürüb.
Məhkəmə materiallarına görə, həmin aləti də geri qaytarmayan şəxs sonradan onu satıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Şəki rayonundakı mağazadan iki, Ağsu şəhərindəki mağazadan isə bir ədəd döşəmə yonan alət götürdüyünü və həmin avadanlıqları satdığını etiraf edib.
O bildirib ki, əvvəllər də məhkum olunub, törətdiyi əmələ görə peşmançılıq keçirir və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə hazırdır.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilib.
Hökmə əsasən, ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Abbas


