Bu ilin sentyabr ayında Albaniyanın "Bilis" klubuna keçən Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov komandadan ayrılıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 31 yaşlı hücumçu müqaviləyə birtərəfli şəkildə xitam verib. Təcrübəli oyunçu Superliqa təmsilçisinin ona olan borcuna görə FIFA-ya müraciət edib. Məsələ gələn ilin fevral-mart aylarında həllini tapacaq.
Yaxın günlərdə isə forvardın yeni klubu müəyyənləşəcək.
Xatırladaq ki, Amil Yunanov bir müddət öncə "Bilis" klubunun müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmədiyi üçün komandanı tərk etmək qərarına gəlmişdi. Lakin Albaniya təmsilçisi sonradan hücumçunu düşərgəyə qaytarmışdı.