ABŞ-da nadir rast gəlinən zəhərli çıngıraklı ilanların sayını artırmaq üçün xüsusi proqram həyata keçirilir. Mühafizəçilər əsirlik şəraitində çoxaltdıqları ilanları gələcəkdə təbii yaşayış mühitinə buraxmağı planlaşdırırlar.
HİT.az xəbər verir ki, bu barədə Polşanın “Interia Zielona” nəşri məlumat yayıb.
Söhbət əsasən Meksikada, eləcə də ABŞ-ın Nyu-Meksiko və Arizona ştatlarının bəzi dağlıq ərazilərində yaşayan Crotalus willardi obscurus yarımnövündən gedir. Bu ilan Şimali Amerikada ən nadir çıngıraklı ilanlardan biri hesab olunur. Onun yaşayış arealının məhdud olması və gizli həyat tərzi keçirməsi növün öyrənilməsini də çətinləşdirir.
Los-Anceles zooparkı bu istiqamətdə mühüm nəticə əldə edib. Zooparkın məlumatına görə, iki balavermə nəticəsində altı yeni ilan dünyaya gəlib. Bu, həmin yarımnövün əsirlik şəraitində çoxaldılması tarixində ilk uğurlu hadisə kimi qiymətləndirilir.
Təşəbbüs 2024-cü ildə başladılan “Obscurus” layihəsi çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi nadir ilanların populyasiyasını bərpa etmək və onların sayının azalmasının qarşısını almaqdır. Layihədə Los-Anceles zooparkı ilə yanaşı, Arizona-Sonora Səhra Muzeyi, San-Antonio zooparkı və “The Rattlesnake Conservancy” təşkilatı da iştirak edir.
Mütəxəssislər ABŞ və Meksikadakı təbiəti mühafizə qurumları ilə əməkdaşlıq edərək ilanların çoxaldılması, qorunması və gələcəkdə təbii mühitə qaytarılması üzərində çalışırlar.
Qeyd edək ki, Crotalus willardi obscurus ABŞ-ın federal təhlükə altında olan növlər siyahısına daxil edilib. Willard çıngıraklı ilanının beş yarımnövündən dördü hazırda təhlükəsiz hesab edilsə də, bu yarımnövün gələcəyi narahatlıq doğurur. Buna görə də əsirlikdə çoxaldılma proqramı onun təbiətdəki populyasiyasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Samir


