Payız aylarında gündəlik həyatın monotonluğu və eyni işlərin təkrarlanması insanda yorğunluq yarada bilər. Lakin bu vəziyyətdən çıxmaq üçün bahalı səyahətlərə və böyük xərclərə ehtiyac yoxdur. Yeni təəssüratları yaşadığımız şəhərdə, hətta evimizin yaxınlığında da tapmaq mümkündür.
Qaynarinfo xəbər verir ki, bu barədə psixoloq, Nina Zverevanın Nitq Məktəbinin aparıcı təlimçisi Aleksey İlyin Pravda.Ru nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, yeni təəssüratlar yalnız asudə vaxtın təşkili baxımından deyil, insanın şəxsi inkişafı və ətrafdakılarla münasibətlərinin möhkəmlənməsi üçün də vacibdir.
İlyin hesab edir ki, səyahət etmək imkanı olmayan insanlar yaşadıqları şəhəri yenidən kəşf etməyə çalışmalıdırlar. Məsələn, hər gün istifadə edilən metro stansiyalarının memarlığına diqqət yetirmək, divar və döşəmə örtüklərindəki qədim fosilləri araşdırmaq belə maraqlı təcrübəyə çevrilə bilər.
Psixoloq insanlara ətrafdakı detallara daha diqqətlə yanaşmağı və maraqlarını daim canlı saxlamağı tövsiyə edir. Bunun üçün yaxınlıqdakı parkda gəzinti zamanı tanımadıqları bitkiləri araşdırmaq, müasir mobil tətbiqlər vasitəsilə onların adlarını öyrənmək və ya binaların memarlıq xüsusiyyətlərini kəşf etmək mümkündür.
Özünüzə daha çox sual verin
İlyinin fikrincə, gündəlik həyatın maraqlı olması üçün insanın maraqlanmaq və suallar vermək vərdişini inkişaf etdirməsi vacibdir.
O, ay ərzində bir neçə günü ətrafımızda baş verən hadisələr və tanımadığımız şeylər haqqında suallar verməyə ayırmağı məsləhət görür. Məsələn, adi bir quşun rənginin niyə məhz elə olduğunu araşdırmaq belə yeni biliklər qazandıra bilər.
Mütəxəssis bildirir ki, şəhəri yaxınlarla birlikdə kəşf etmək də yaxşı seçimdir. Pulsuz sərgilərə, şəhər festivallarına və muzey tədbirlərinə qatılmaq həm yeni təəssüratlar yaradır, həm də insanlar arasında emosional yaxınlığı gücləndirir.
Bundan başqa, mühitin dəyişməsi və fiziki aktivlik insanın gündəlik problemlərə fərqli prizmadan yanaşmasına kömək edə bilər.
Psixoloqun qənaətinə görə, həyatın daha maraqlı və rəngarəng olması üçün əsas məsələ çox pul xərcləmək deyil, ətraf aləmə vaxt və diqqət ayırmaq, yeni təcrübələrə açıq olmaqdır.
Samir


