Axşam yeməyində qızardılmış yumurta əvəzinə həm yüngül, həm də zülalla zəngin bir yemək hazırlamaq mümkündür. Diyetoloq Sandra Monino bunun üçün kəsmik və yumurta əsasında hazırlanan rulet reseptini tövsiyə edir.
HİT.az xəbər verir ki, bu barədə İspaniyanın “El Español” nəşri yazıb.
Mütəxəssisin təklif etdiyi yeməyin hazırlanması üçün çox az ərzaq tələb olunur və proses cəmi bir neçə dəqiqə çəkir. Üstəlik, içlik hissəsini şəxsi zövqə uyğun dəyişmək mümkündür.
Hazırlanması üçün lazım olan ərzaqlar:
- 200 qram kəsmik;
- 2 ədəd yumurta;
- Zövqə görə ədviyyatlar;
- 1 ədəd pomidor;
- Yarım avokado;
- 1 dilim Serrano vetçinası.
Hazırlanma qaydası
Əvvəlcə yumurta, kəsmik və seçilmiş ədviyyatlar blenderə əlavə edilərək tam qarışana qədər çalınır. Diyetoloq dad və ətir üçün zərdəçal, qara istiot və oregano istifadə etməyi məsləhət görür.
Alınan qarışıq soba üçün nəzərdə tutulmuş perqament kağızının üzərinə nazik və bərabər təbəqə şəklində yayılır. Daha sonra 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirilir.
Hazır əsas bir qədər soyuduqdan sonra üzərinə doğranmış pomidor, avokado və Serrano vetçinası əlavə edilir. Sonda ehtiyatla bükülərək rulet forması verilir.
Reseptin üstünlüklərindən biri də içliyi dəyişmək imkanının olmasıdır. Belə ki, vetçina əvəzinə toyuq əti, müxtəlif tərəvəzlər və göyərtilərdən istifadə etmək mümkündür.
Nəşrin məlumatına görə, yumurta və kəsmiyin birləşməsi orqanizmi zülalla təmin edir. Zülal isə əzələ kütləsinin qorunmasında mühüm rol oynayır.
Diyetoloqlar xatırladırlar ki, heç bir məhsul təkbaşına iltihab əleyhinə təsir göstərmir. Sağlam qidalanma üçün gündəlik rasionda meyvə, tərəvəz, paxlalılar, tam taxıllar və faydalı yağlara da yer verilməlidir.
Samir


