Qəhvə diqqəti və ayıqlığı artıraraq zehni fəaliyyəti stimullaşdıra bilər. Lakin daha çox qəhvə içməyin insanı daha məhsuldar etməsi fikri doğru deyil. Mütəxəssislər bildirirlər ki, kofeinin faydası müəyyən həddə qədər özünü göstərir, normanın aşılması isə əks təsirlərə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Doctissimo.fr” nəşri neyrobioloq Emili Ştaynbaxın açıqlamalarına istinadən yazıb.
Mütəxəssisin sözlərinə görə, kofein qısa müddət ərzində diqqəti, ayıqlığı və konsentrasiyanı yaxşılaşdıra bilər. İnsan özünü daha enerjili, motivasiyalı və məhsuldar hiss edə bilər. Ancaq bu təsir bütün zehni fəaliyyət növlərinə eyni dərəcədə aid deyil.
Ştaynbax qeyd edir ki, kofeinin təsiri insandan-insana dəyişir. Yuxunun keyfiyyəti, qəhvə içmək vərdişi, orqanizmin kofeinə həssaslığı və içkinin qəbul edildiyi vaxt bu prosesə təsir göstərir.
Gündə nə qədər kofein qəbul etmək olar?
Neyrobioloq gündəlik 50-200 milliqram kofein miqdarını uyğun diapazon kimi göstərir. Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) tövsiyəsinə əsasən, sağlam yetkin insanlarda birdəfəlik 200 milliqrama qədər kofein qəbulu, adətən, təhlükəsiz hesab olunur.
Gün ərzində isə ümumi kofein miqdarının 400 milliqramı keçməməsi tövsiyə edilir. Bu göstəriciyə yalnız qəhvə deyil, çay, enerji içkiləri, bəzi qazlı içkilər, şokolad və kofein tərkibli qida əlavələri də daxildir.
Kofeinin miqdarı içkinin növündən və hazırlanma üsulundan asılı olaraq dəyişir. Məsələn:
- Arabikadan hazırlanmış 30 ml espresso təxminən 60-90 mq kofein ehtiva edir;
- Robusta növündə kofein miqdarı təxminən iki dəfə çox ola bilər;
- 200 ml filtr qəhvəsində isə təxminən 80-120 mq kofein mövcuddur.
Buna görə də bir neçə fincan qəhvə içməklə gündəlik kofein həddinə çatmaq mümkündür.
Normadan artıq qəhvə hansı problemlərə səbəb olur?
Ştaynbax xəbərdarlıq edir ki, kofeinin həddindən artıq qəbulu ürək döyüntüsünün sürətlənməsi, əsəbilik, fikirlərin qarışıq şəkildə axması və mədə-bağırsaq problemləri yarada bilər. Xüsusilə günün gec saatlarında qəhvə içmək yuxunun keyfiyyətini də poza bilər.
Hamilə və süd verən qadınlar üçün isə daha aşağı hədd tövsiyə olunur. EFSA bu qrupda gündəlik kofein miqdarının 200 milliqramı keçməməsini məsləhət görür.
Mütəxəssislər uşaqların, yeniyetmələrin, kofeinə həssas insanların, eləcə də ürək-damar xəstəlikləri, narahatlıq pozuntuları və yuxu problemləri olan şəxslərin qəhvə qəbulunda daha diqqətli olmalarını tövsiyə edirlər.
Neyrobioloqun qənaətinə görə, qəhvədən fayda görmək üçün onun miqdarını artırmağa ehtiyac yoxdur. Əsas məsələ orqanizmin fərdi xüsusiyyətlərinə uyğun miqdarı müəyyənləşdirmək və kofeinin yaratdığı mənfi təsirlərə yol verməməkdir.
Samir


