Pişikləri bu üç nahiyədən sığallamaq məsləhət deyil – Səbəbi nədir?

MARAQLI
20:59 / 11.11.2026
38

Pişiklər insanların diqqətini və nəvazişini sevsələr də, bədənlərinin bəzi hissələrinə toxunulmasından narahat olurlar. Xüsusilə qarın, pəncə və quyruq nahiyəsinə toxunmaq onların aqressiv reaksiyasına, hətta dişləməsinə və cırmaqlamasına səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə “Live Science” nəşri heyvan davranışı üzrə mütəxəssislərin fikirlərinə istinadən yazıb.

ABŞ-ın Purdue Universitetinin pişik davranışı üzrə mütəxəssisi Mikel Delqadonun sözlərinə görə, heyvanlar narahat olduqları zaman bunu əvvəlcə müəyyən hərəkətlərlə büruzə verirlər. Başlarını qəfil əllərə tərəf çevirmək, uzaqlaşmağa çalışmaq və narahat hərəkətlər etmək ilkin xəbərdarlıq əlamətləridir. Bu siqnallara məhəl qoyulmadıqda pişik dişləyə, fısıldaya və ya cırmaqlaya bilər.

Mütəxəssislər pişiklərin bəzi toxunuşları sevməməsini onların təbii instinktləri və anatomik xüsusiyyətləri ilə əlaqələndirirlər.

Qarın nahiyəsi

Pişiklərin qarın hissəsi ən həssas nahiyələrdən biridir. Burada qaraciyər, mədə və bağırsaq kimi həyati vacib orqanlar yerləşir. Bu orqanlar ürək və ağciyərlərdən fərqli olaraq qabırğalarla qorunmur.

Beynəlxalq “International Cat Care” təşkilatının mütəxəssisi Sara Ellisin izahına görə, pişiklər həm ovçu, həm də digər heyvanlar üçün potensial ov olduqlarından bədənlərinin müdafiəsiz hissələrini qorumağa çalışırlar. Buna görə də qarınlarına toxunulmasını təhlükə kimi qəbul edə bilərlər.

Quyruq

Quyruq da pişiklərin həssas və qoruduqları nahiyələrdəndir. Digər heyvanlarla qarşıdurma zamanı bu hissə zədələnmə və dişlənmə riski ilə üzləşir. Məhz buna görə bir çox pişik quyruğuna toxunulmasına narahatlıqla reaksiya verir.

Pəncələr

Pişiklərin pəncələri həm qaçmaq, həm də təhlükə zamanı özlərini müdafiə etmək üçün vacibdir. Onların hərəkət imkanının məhdudlaşdırılması heyvanda narahatlıq yarada bilər.

Bundan başqa, pəncələrdəki sinir ucları, barmaq yastıqcıqları və xüsusi həssas tüklər təzyiq və temperatur dəyişikliklərini hiss edir. Bu səbəbdən həmin nahiyəyə toxunmaq bəzi pişiklər üçün xoşagəlməz ola bilər.

Pişikləri haradan sığallamaq daha yaxşıdır?

Mütəxəssislər pişikləri əsasən qulaqlarının dibindən, yanaqlarından və çənələrinin altından sığallamağı məsləhət görürlər. Bu nahiyələrdə qoxu vəzilərinin çox olması həmin toxunuşları heyvanlar üçün daha xoş edir.

Bununla belə, hər pişiyin xarakteri və üstünlükləri fərqlidir. Bəzi heyvanlar qarınlarının sığallanmasını, digərləri isə quyruqlarına toxunulmasını xoşlaya bilər. Əsas məsələ onların reaksiyasını izləmək və narahatlıq əlamətləri göstərdikdə toxunuşu dayandırmaqdır.

Samir
 

0