ÖLKƏ
14:50 / 29.07.2022
4144

“Ona necə Elmlər Akademiyası deyəcəklər, mən başa düşmürəm”

Ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər, Ümumi Təhsil üzrə Dövlət Agentliyi kimi iki yeni agentlik yaradılıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi elmi müəssisə və təşkilatları qurumun tabeliyinə verilib.

Oxu.Az təhsildəki bu yeniliklərlə bağlı sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovla həmsöhbət olub.

– Misir müəllim, ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının mahiyyəti və əsas fəaliyyət istiqaməti barədə danışmağınızı istərdik.

– AMEA ölkənin iqtisadiyyatına və digər sahələrinə yararlı olan elmi tədqiqatların aparılmasıyla məşğul olmalı, alimlər yetişdirməli, əsərlər yazmalı, monoqrafiyalar çap etdirməlidir.

– Bir çox ölkədə elmlər akademiyası yoxdur, onu elm fondları əvəz edir, yaxud da funksiyasını təhsil nazirliyi yerinə yetirir. Burada söhbət alimlik dərəcələrinin verilməsindən tutmuş müxtəlif elmi tədqiqatların idarə olunmasına qədər hər şeydən gedir. Bəs AMEA-da proses necəydi? Dəyişikliyin hansı müsbət tərəfi ola bilər?

– Düşünürəm ki, Prezident tərəfindən imzalanmış o fərmanın Azərbaycanda elmin inkişafı üçün müsbət nəticələri olacaq. Son dövrlər AMEA-da baş verən hadisələr, akademiyanın gözdən düşməsi belə bir qərar qəbul olunmasına gətirib çıxardı. Arzu edirəm ki, qərar millətimiz və dövlətimiz üçün xeyirli olar.

– EA-lardan əvvəl elmi cəmiyyətlər mövcud olub, məsələn, Böyük Britaniya Coğrafiya Cəmiyyəti və s. Həmin cəmiyyətlərdə müəyyən müzakirələr aparılır, hətta müəyyən kəşflər təsdiq edilirdi. Təhsil nazirliyi isə mahiyyətcə bürokratik bir qurumdur. Bu mənada müəyyən laboratoriyaları, tədqiqat müəssisələri olan qurumların Təhsil Nazirliyinə verilməsi həmin sahələrdə hansısa əngəllər yarada bilərmi?

– Bu gün Azərbaycanda müxtəlif elmlərin ictimai təşkilat kimi cəmiyyətləri var. Məsələn, Azərbaycanda Riyaziyyat Cəmiyyəti, Coğrafiya Cəmiyyəti və s. Onların fəaliyyətləri açıq-aydın görünmür, ancaq var. Düşünmürəm ki, akademiyanın fundamental və təcrübi elmlərlə məşğul olan institutlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi onların fəaliyyətinin dayandırılmasına yönələcək. Əksinə, onlar daha yaxşı fəaliyyət göstərəcəklər. Yəni mən bunu arzulayıram.

Nə olacağını görmək üçün isə bir az gözləmək lazımdır. Düzünü desəm, onların nazirliyə verilməsinin nə demək olduğunu hələ bilmirəm. Qərarda bu açıqlanmır. Orada yazılıb ki, Nazirlər Kabineti üç ay müddətində müəyyən təkliflər hazırlasın və Prezidentə təqdim etsin. O təkliflərin nədən ibarət olacağı maraqlıdır. İyirmidən çox institutun gələcək taleyi bu təkliflərdən asılıdır. Yəni bu institutlar indiki vəziyyətdə müəyyən bir qurum kimi ancaq Elm və Təhsil Nazirliyinin daxilində fəaliyyət göstərəcək, yoxsa başqa ciddi dəyişiklik olacaq? Onu bilsəm, suala dəqiq cavab verərəm.

– AMEA bir çox qurumunu itirdi. Bu, haradasa ballastdan azadolmaya bənzəyir. Belə bir vəziyyətdə onun işi yüngülləşəcək, yoxsa təyinatı dəyişib məsuliyyəti daha da artırılacaq?

– AMEA-nın tərkibinə qatılan institutlar əsasən humanitar sahələri əhatə edir. Qalanlar nazirliyin tabeliyinə verilib. Belə olan halda ona akademiya deyirlər, amma o akademiya nə işlə məşğul olacaq, dünyada elə bir akademiya varmı, düzü, bilmirəm. Bu məqamlar mənim üçün aydın deyil. Elm, tədqiqat deyəndə mən riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, geologiya başa düşürəm. İndi bunların AMEA-dan ayrılmasını anlaya bilmirəm. Yəqin ki, qərarı hazırlayanlar hər şeyi daha yaxşı bilər.

– Akademiyanın tərkibində qalan qurumlar yeni istiqamətləri əhatə edir. Bu səbəblə AMEA-da cavanlaşdırma siyasəti də aparıla bilərmi?

– Azərbaycanda elmdə cavanlaşmanı qərarla həyata keçirmək olmaz. Cavan alim olmasa, bu tip qərarın mənası olmur, gərək gənc alim yetişdirəsən ki, cavanlaşma siyasəti də apara biləsən. O zaman cavanlaşma ola bilər ki, gənclər içərisində layiqli alimlər olsun. Əvvəl onları yetişdir, sonra qocalarla üzülüş, yoxsa qocanın hamısını çıxarıb atdın, cavan alim də yoxdur, nə olacaq? Burada heç bir işi inqilabi yolla həyata keçirmək olmaz.

– Azərbaycanda alim olmaq istəyənlərin sayının azaldığını düşünürsünüzmü?

– Uzun illərdir Azərbaycanda diplom almaq istəyənlər çoxalıb, alim olmaq istəyənlərin sayı isə azalıb. Buradakı səbəblərdən saatlarla danışmaq olar. Məsələn, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinə (hazırkı BDU – red.) qəbul oldum. Mexanika-riyaziyyat fakültəsində 75 uşaq təhsil alırdı. Bu 75 uşağa əsas fənləri kimin tədris edəcəyini hamı bilirdi. Həmin şəxslərdən başqa heç kim bizə mühazirə deyə bilməzdi. Onlar isə Maqsud Cavadov, Qoşqar Əhmədov, Arif Babayev, Zahid Xəlilov, Əşrəf Hüseynov idi. 10 il keçəndən sonra həmin fakültədə oxuyanların sayı 200 nəfər oldu. Ancaq onlara bizə keçirilən fənlərdən kimlərin dərs dediyi bəlli deyildi. Yəni hələ o vaxtdan təhsildə və digər sahələrdə kəmiyyət dəyişməsi keyfiyyəti üstələyib. Ona görə də müəllimin də, təhsilin də, alimin də, elmin də nüfuzu çox aşağı düşüb. İnanmaq istəyirəm ki, sərəncamdan sonra bu işlər tədricən qaydaya düşər.

0