Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ

AVTO
13:24 / 21.05.2026
46

Sürücülərin ən çox rastlaşdığı və bəzən qanunvericiliyin tələblərini tam bilmədiyi üçün mübahisə etdiyi mövzulardan biri də nəqliyyat vasitələrində mövcud olan texniki nasazlıqlara görə tətbiq edilən inzibati tənbeh tədbirləridir.


Bəs avtomobildə hər hansı nasazlıq aşkarlandıqda yol polisi sürücünü dərhal cərimələyə bilərmi, yoxsa ilk növbədə xəbərdarlıq edilməlidir?


Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehman Muradlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirib.

Vəkil bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, yolda hərəkət edən nəqliyyat vasitəsində texniki nasazlıq aşkar edildikdə, ilk növbədə dərhal cərimə tətbiq olunmur:

“Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi və ya yolda hərəkət zamanı texniki nasazlığın müəyyən edilməsi fərqli prosedurlardır. Əgər avtomobildə hər hansı texniki nasazlıq aşkarlanarsa, sürücüyə ilk növbədə xəbərdarlıq edilir. Bu xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, aşkar olunmuş nasazlıq qısa müddət ərzində aradan qaldırılmalıdır. Yəni, sürücüyə həmin problemi həll etmək üçün qanuni imkan tanınır".


M.Muradlı vurğulayıb ki, sürücülər bu xəbərdarlığa məsuliyyətlə yanaşmalıdırlar. Əgər sürücü edilən xəbərdarlığa məhəl qoymazsa və nasazlığı vaxtında aradan qaldırmazsa, o zaman artıq ciddi hüquqi məsuliyyət yaranır:
“Əgər sürücü ona edilən xəbərdarlıqdan sonra da nasazlığı aradan qaldırmırsa və avtomobili o vəziyyətdə idarə etməyə davam edirsə, bu halda artıq ona qarşı inzibati xəta haqqında protokol tərtib olunur və cərimə tətbiq edilir. Qanunvericiliyə müvafiq olaraq, texniki nasazlığı olan nəqliyyat vasitəsinin idarə edilməsinə görə müəyyən olunmuş cərimənin məbləği 50 manat təşkil edir".


Hansı nasazlıqlara görə cərimə oluna bilərsiniz?

Məlumdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" Qanuna əsasən, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar qrupuna aşağıdakılar daxildir:

-Əyləc sisteminin pozulması;

-Sükan idarə mexanizminin xarab olması;

-Xarici işıq cihazlarının və ya şüşə silgəclərinin işləməməsi (xüsusilə sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünüş şəraitində);

-Təkərlərin və şinlərin qanunla müəyyən edilmiş normativlərə cavab verməməsi;

-Mühərrikin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması.


Hüquqşünas Mehman Muradlı bir daha sürücülərə çağırış edərək bildirib ki, həm maddi zərərə düşməmək, həm də yollarda təhlükəsizliyi təmin etmək üçün avtomobilin texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməli və aşkarlanan qüsurlar vaxtında, xəbərdarlıq mərhələsində ikən aradan qaldırılmalıdır.

0