\"Yeni ilin köhnə zarafatları\"

10:28 / 13.12.2022
1904

Artıq qəti qərarımdır ki, azərbaycanlıların zarafat, yumor hissi qətiyyən yoxdur. İndi qətiyyən deyirəm, amma tam da qətiyyən deyil. Məsələn, 100 nəfərdən 5-nin ancaq yaxşı yumor hissi olar. Məhz elə bu səbəbdir ki, Azərbaycanda hər gün zarafat üstündə cinayət hadisələri də olur. Zarafat hissinin olmaması olduqca dəhşətlidir. İnanın, hamının zarafat hissi yaxşı olsa, bir sıra problemlərimiz də həll olar. Bizimki isə yumordan daha çox lağ-lağıdır. 

Necə ki, faciə uzun çəkəndə çevrilir lağ-lağıya.

Məsələn, götürüb bu yazının sonunda yazsam ki, ey azərbaycanlılar, bu dediklərim zarafatdır, sizin gözəl yumor hissiniz var, mütləq məni söyənlər də tapılacaq ki, deyəcəklər, get, özünlə məzələn. Ona görə zarafat eləməyə qorxuram. Nə deyirəmsə, ciddidir. 

Xüsusi günlər var ki, mən həmin günlərdə yaxın ətrafım daxil heç kimə dözə bilmirəm. Götürək Yeni il bayramını. İlahi, yumordan uzaq adamlar nə günə qalırlar? Ay Allah, o nə zarafatlardır? Biri var ki, bir edəsən, çıxıb gedə, amma yox, bizimkilər yumorun anası ilə gizli eşq yaşayırlar. Hər il eyni mənasız, məzmunsuz, duzsuz zarafatlarına şaqqanaq çəkib gülürlər.

"Ahahah bir ildir səni görmürəm, ahahah hamı keçdi, qalan olmadı ki, keçən ildə? Ahahaha staliçni" bla, bla, bla. 

Nə qədər olar? Yox e, məsələ odur ki, bu zarafatların heç biri gülməli də deyir. Nəyə gülür axı bu adamlar? Gülməli nə var? And olsun Allaha mən utanıram. Bu zarafatları ən ehtiraslı qız eləsə, marağım ölür, ən yaxşı oğlan eləsə, dostluğum kəsilir. Hər ildə elə ürəkdən edirlər ki, elə bil, yeni nəsə tapıblar. Beləcə, Yeni ili həmişə duzsuz, keçmiş, iylənmiş zarafatlarla yola veririk gedir. Məhz ona görə də heç vaxt dünya azərbaycanlıları ilə həmrəy olmuram. 

Amma təkcə budurmu? Bu olsa, dərd olmazdı. Bu deyil. Bunun Novruz bayramı var, bayrama qədər çərşənbələri var, var da var. Bu dəfə də yumordan yetim azərbaycanlılar paxlava-qoz söhbətləri ilə yediyimizi, içdiyimizi zəhər edirlər. İllərdir ki, papağa qoz qoymaq "zarafatına" hırıldayırlar. Niyə, balam? Bezmədin? Həqiqətən görmürsən ki, gülməli deyil? Bəs niyə deyirsən, niyə gülürsən?

Deyəsən, biz bu məsələlərdə yenilikləri heç vaxt bacarmayacağıq. Təzə maşın alanda, ya yolda dostunu görəndə maşının üstünə sürüb, şit-şit hərəkətlər edən adamlarla nə yenilik? Yoxsa, təzə nömrə alanda tanışlarına zəng edib məzələnən? 

Çox-çox üzr istəyirəm, bir etiraf edim. Cahil vaxtlarımda təzə nömrə alanda bir dəfə atama zəng etdim, polis rəisi adı ilə danışıb, saxlanıldığımı bildirdim. Atam inandı da. Amma sonra dediyi söz, məni ayıltdı, odur-budur, qələt edərəm. Davam eləmədim. Heç nə, dedi ki, rəis, mən o eşşəyə əlli dəfə demişəm özünə yığış, tutulsan dalınca gəlməyəcəm. İndi ki, belədir, canı çıxsın, qalsın orda. Nə bilirsiz, qanun nə tələb edirsə, onu da edin. 

Adam tanıyıram, təzə nömrəsi ilə bacısına zəng edib, tanış olub. Bacı gözünə döndüyüm də inanıb. Heç nə, axırı faciə. İndi görürsünüz bizim bu cür zarafat edənlərimizin sonu nə olur? 

İçki məclislərində içib özünü idarə edə bilməyən haqqında yaxşı söhbət var: 

İçə bilmirsən, içmə də. İndi bunu bu cür zarafat edənlərə də şamil etmək lazımdır:

- Edə bilmirsən, eləmə də!

Orxan Saffari

1