ABŞ 1961-ci ildə kosmosa 480 milyon mis iynə göndərdi - Eksperimentin nəticəsi təəccübləndirdi

DÜNYA
21:55 / 01.11.2026
75

Soyuq müharibə dövründə ABŞ Sovet İttifaqından mümkün hücumlar zamanı uzaq məsafəli hərbi rabitəni qorumaq üçün qeyri-adi kosmik layihəyə imza atıb. 1961-ci ildə orbitə 480 milyon mis iynə göndərilsə də, texnologiyanın sürətlə inkişaf etməsi bu təcrübəni qısa müddətdə mənasızlaşdırıb. İynələrin bir hissəsi isə bu gün də kosmik tullantı kimi Yer orbitində qalır.

HİT.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) Linkoln Laboratoriyası tərəfindən həyata keçirilən layihə “West Ford” adlandırılıb. Məqsəd Yer ətrafında süni radioəks etdirici təbəqə yaradaraq qlobal və fasiləsiz rabitəni təmin etmək olub. ABŞ Müdafiə Nazirliyi hesab edirdi ki, bu üsul mümkün hərbi qarşıdurma zamanı rabitə əlaqələrinin kəsilməsinin qarşısını ala bilər.

Layihə çərçivəsində hər birinin uzunluğu təxminən 1,8 santimetr olan 480 milyon mis iynə raketlər vasitəsilə Yer orbitinə çıxarılıb. İynələr 3500-3800 kilometr yüksəklikdə yerləşdirilib və təxminən iki ay ərzində orbit boyunca yayılaraq böyük bir halqa formalaşdırıb. Nəticədə Yer səthindən təxminən 3700 kilometr yüksəklikdə eni 15, qalınlığı isə 30 kilometr olan metal hissəciklər buludu yaranıb.

Təcrübə texniki baxımdan müəyyən uğur qazansa da, bir sıra problemlərlə üzləşib. İynələrin üzərində istifadə olunan naftalin əsaslı qoruyucu gelin lazımi qaydada buxarlanmaması onların bir-birinə yapışaraq topalar əmələ gətirməsinə səbəb olub. Bu isə radio siqnallarının ötürülməsinin keyfiyyətinə mənfi təsir göstərib.

Layihənin əhəmiyyətini itirməsində daha bir amil rabitə peyklərinin meydana çıxması olub. Xüsusilə 1962-ci ildə orbitə buraxılan ilk müasir aktiv rabitə peyklərindən biri olan “Telstar 1” bu sahədə daha effektiv texnologiyanın mümkünlüyünü nümayiş etdirib.

Bununla belə, “West Ford” layihəsinin kosmik tullantılarla bağlı nəticələri uzun müddət davam edib. Məlumata görə, 2020-ci ilin mart ayına olan vəziyyətə əsasən, mis iynələrin yaratdığı 36 topa hələ də Yerətrafı orbitdə qalırdı. Beləliklə, hərbi rabitəni qorumaq məqsədilə həyata keçirilən eksperiment kosmosda insan fəaliyyəti nəticəsində yaranan ilk tullantı nümunələrindən birinə çevrilib.

Samir

0