"Hər gün yeni simaların özlərini əmanət etməkləri məni çox sevindirir" - Həkim-kosmetoloq

ÖLKƏ
16:28 / 18.12.2022
6668

"Pasiyentin üzündə olan dəyişiklik o qədər təbii görünməlidir ki, kənardan baxıb hiss olunmasın".

Bunu "Azerbaijan Women Platform”a müsahibəsində botoks-filler və digər inyeksiya prosedurları üzrə ixtisaslaşmış həkim-kosmetoloq Sevda Sadri deyib. 

Hit.Az müsahibəni ixtisarla təqdim edir:

- Xanımlarımızın daha çox müraciət etdiyi prosedurlar hansılardır? 

- Müasir kosmetologiyada hal-hazırda daha çox təbiiliyə üstünlük verilir. Bir xanıma bir neçə prosedur-dodaq dolğusu, kəskin çənə xətləri, yanaq dolğusu, botoks və s. edib onu olduğu yaşdan daha gənc göstərə bilərik. Ancaq süniliyə qaçmamaq şərtilə bunu icra etmək lazımdır. Bu kosmetologiyanın əsas qanunlarından hesab olunur. Pasiyentin üzündə olan dəyişiklik o qədər təbii görünməlidir ki, kənardan baxıb hiss olunmasın. Mənim işim mənim vizit kartımdır. Hər kəsə individual yanaşıram və ən əsası mənim üçün vacib olan təmiz, hamar dəriyə sahib olmaqdır. Əgər bir pasiyentin dərisində problem varsa, estetik dəyişimdən öncə müalicəyə üstünlük verirəm. Hər kəsə professional baxımdan əlavə qulluğunu düzgün etməyi tövsiyə edirəm. 

- Bu sahənin sizə gətirdiyi müsbət və mənfi cəhətləri nələrdir?

- Həm işimdə, həm şəxsi həyatımda olan hər şeyə müsbət cəhətdən yanaşmağa çalışıram. Hər gün yeni simalarla tanış olmaq, onların mənə inamı, özlərini əmanət etməkləri məni çox sevindirir. Hər dəfə yeniliklərlə tanış olduqda, nə isə öyrəndikdə özümü yenidən kəşf edirəm. Bu sahədə və şəxsi həyatda daima özümü inkişaf etdirməyə çalışıram. Yaşadığımız hadisələr, tanıdığımız insanlar əslində bizə nə isə öyrədir. Çalışıb hər şeydən özümüzə müsbət nəticələr çıxarmalıyıq. 

- Gələcəkdə həyata keçirməyi arzuladığınız ən böyük planınız və ya istəyiniz? 

- Gələcəkdə estetik cərrahiyyə üzrə ixtisaslaşmaq və öz estetik mərkəzimi açmaq istəyirəm. 

0