"Danışıqlarda Laçınla bağlı heç bir irəliləyiş gözləmirəm" - Elxan Şahinoğlu

SİYASƏT
17:51 / 16.05.2020
1452

“Erməni separatçı qüvvələrinin Şuşanı işğal etdikdən sonra əsas məqsədləri Laçını işğal etmək idi. Çünki Laçın onlar üçün nəfəslik rolunu oynayır. Ermənilər düşünürdülər ki, Laçını işğal etmədən Dağlıq Qarabağla əlaqə saxlaya bilməyəcəklər. Ona görə də 90-cı illərdə Laçını da itirdik”.

Bunu Laçının işğlalı ilə bağlı Versus.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq bildirib ki, Ermənilər bu bölgəni boşaltmaq istəmirlər. Sözdə Laçın karidorunun nəzarətə götürülməsindən danışılsa da, rayona bütövlükdə nəzarət etmək istəyirlər:

“Bu baxımdan da danışıqlarda heç bir irəliləyiş yoxdur. Amma bütün hallarda Azərbaycanın mövqeyi birdir - Laçın işğaldan azad olunmalıdır. Aparılan sülh danışıqlarında Azərbaycan üçün digər rayonlar kimi, əsas yerdə Laçının azad olunması məsələsi dayanır. Ermənilər bütün rayonlar kimi Laçını da boşaltmaq məcburiyyətindədirlər”.

E.Şahinoğlu bildirib ki, “Madrid prinsipi”nə görə ilk mərhələdə 5 rayon boşaldılmalı, sonra Laçın, Şuşa Kəlbəcərin məsələsi həll olunmalıdır:

“Laçın ermənilər üçün strateji əhəmiyyət daşıdığına görə ,onu sonrakı mərhələyə saxlamağa çalışırlar. Amma Torpaqların azad olunması, danışıqlarla mümkün olmayacaq, ancaq və ancaq təzyiqləri artırmalıyıq”.

Politoloq hazırki situasiyada ermənilərin torpaqları boşaltmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, əgər əvvəllər erməni separatçıları Laçını boş saxlayırdılarsa, artıq son illər çox pis həyəcanlı xəbərlər alırıq:

“Ermənilər Laçın və ətraf kəndlərdə məskunlaşdırma aparmağa başlayıblar. Bu o deməkdir ki, ermənilər heç bir halda Laçını boşaltmaq istəmirlər. Ona görə də danışıqlarda Laçınla bağlı heç bir irəliləyiş gözləmirəm. Digər rayonlar kimi, işğalçıya qarşı təzyiqi artırmadan Laçının da azad olunmasına müvəffəq ola bilmərik. Mütləq, işğalçıya qarşı təzyiqi artırmalıyıq”.

0