“Türk Söhbəti”nin bu həftəki qonağı Kütahya Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri, professor Hüsamettin İnaçdır.
Onunla dünyanın siyasi gündəmini müzakirə etdik. Serbiya və Braziliyadakı seçkilərin nəticələri, Şimali Koreya lideri haqqındakı iddialar, eləcə də Fransadakı vəziyyət danışdığımız mövzular sırasında idi.
- Hüsamettin müəllim, Serbiyada Aleksandr Vuçiçin seçkilərdə məğlub olmasının əsas səbəbləri nələrdir?

- Serbiyada Aleksandr Vuçiçin hakimiyyətinin sarsılmasının əsas səbəbi 2024-cü ildə Novi-Sad dəmir yolu stansiyasında baş vermiş qəzaya hökumətin etinasız qalmasıdır. Nəticədə, dövlət xidmətlərinin düzgün yerinə yetirilməməsi səbəbindən ciddi etirazlar başladı. Həqiqətən də bu dövrdə belə böyük səhlənkarlığın və vəzifə səlahiyyətlərindən sui-istifadənin cəzasız qalması çox qəribədir.
Bundan başqa, Serbiyadakı gənclər Avropa İttifaqı ilə inteqrasiya etmək, daha demokratik və dünyaya daha çox inteqrasiya olunmuş bir struktur yaratmağa çalışırlar. Lakin Vuçiç bunun tam əksini edirdi. O, Rusiya ilə yaxınlaşan bir siyasət yürüdürdü. Onun Avropadan uzaqlaşıb Rusiya ilə yaxınlaşması isə vətəndaşların etirazlarına səbəb olurdu.
- Bəs yeni Serbiya hökumətindən gözləntilər nələrdir?

- Serb xalqı yeni Serbiya rəhbərliyindən xüsusilə Avropa İttifaqı ilə inteqrasiya olunan, dövlət xidmətlərinin daha keyfiyyətli göstərildiyi və daha demokratik idarəçilik forması gözləyir. Xüsusilə gənclərin, tələbələrin və həssas qrupların özlərini daha çox təmsil olunmuş hiss etdikləri bir sistem tələb olunur. Serbiya son dövrlərdə beynəlxalq iqtisadiyyatla inteqrasiya olmaq əvəzinə, Rusiya ilə daha sıx əməkdaşlıq edib və Avropa İttifaqından da əhəmiyyətli dərəcədə uzaqlaşıb.
Buna görə də Avropa İttifaqının yenidən bir dəstək olaraq işə salındığı, iqtisadiyyatın məşğulluq yaradacaq şəkildə yenidən formalaşdırıldığı və beynəlxalq qlobal sistemlə inteqrasiya olunmuş siyasət axtarışı serb xalqı tərəfindən yeni rəhbərlikdən gözlənilir.
- İndi isə digər ölkələrə keçək. Son həftələrin ən çox müzakirə olunan xəbərlərindən biri də Şimali Koreya lideri Kim Çen Inın öldüyü iddiaları idi. Maraqlıdır, nə üçün tez-tez Şimali Koreya liderinin öldüyünə dair iddialar yayılır?

- Şimali Koreya liderinin ölməsi ilə bağlı xəbərlərin yayılmasının ən əsas səbəbi bu ölkənin qapalı sistem çərçivəsində fəaliyyət göstərməsidir. Belə ki, Şimali Koreya dövlətin daxilindəki işləmə mexanizmindən, siyasətin necə inkişaf etməsindən və siyasi fiqurların necə həyat tərzinə malik olduğundan demək olar ki, heç kimin xəbəri yoxdur.
Buna görə də beynəlxalq medianın bu qapalılığı və müəmmalılığı qazanca çevirmək üçün xarizmatik və sirli lider kimi Kim Çen Indan kapitalist mənada faydalanmaq istədiyi aşikardır. Nəticədə, bu sirri daha çox baxışa çevirmək məqsədilə beynəlxalq media xəstəlik və ölüm xəbərləri yayır. Həqiqətən də Kim Çen In ciddi şəkildə piylənmə problemi olan, təzyiq, şəkər və ürək xəstəliklərindən əziyyət çəkən insandır. Buna baxmayaraq, Kim Çen In siqaret çəkən və sağlam qidalanma rejimindən uzaq bir insandır ki, bu da belə şayiələrin yayılmasında mühüm rol oynayır.
- Necə düşünürsünüz, Kim Çen Indan sonra Şimali Koreyanın yeni lideri kim olacaq? Bacısı, yoxsa qızı yerinə keçəcək?

- Əgər Kim Çen In qısa müddət ərzində hansısa yolla hakimiyyətini itirsə və ya hakimiyyətdən getsə, xarici siyasətdə hələ də fəal rol oynayan çox təcrübəli bacısının hakimiyyətə gəlmək ehtimalı böyükdür. Lakin Kim Çen In uzun illər hakimiyyətini davam etdirərsə, qiymətli varis kimi yetişdirilən qızının onun yerini alacağı gözlənilə bilər. Çünki burada vacib olan qan və sülalə üzvü olmaqdır.
Buna görə də bu ikisindən başqa dövlət başçısı namizədi yoxdur. Qısamüddətli prosesdə hakimiyyətini itirərsə təcrübəli şəxs olduğuna görə bacısının, uzunmüddətli dövrdə hakimiyyətini itirərsə qızının Kim Çen Inin yerini tutacağına qəti gözlə baxılır.
- Fransaya keçək. Orada aylardır ciddi etiraz aksiyaları keçirilir. Prezident Emmunel Makronun isə səlahiyyət müddətinin başa çatmasına bir neçə ay qalıb. Bəs Fransada Makrondan sonra prezident olmaq üçün ən güclü namizəd kimdir?

- Avropada, xüsusilə Fransada baş qaldıran etirazların və sosial hərəkatların daxili sosio-siyasi dinamiklərdən qaynaqlandığını söyləmək mümkündür. Çünki xüsusilə son dövrdə istər Çinlə ticarətin tamamilə əngəllənməsi, istərsə də Rusiyadan ucuz enerji almaq imkanlarının məhdudlaşdırılması səbəbindən Avropa iqtisadiyyatları getdikcə çökməkdədir. Buna Ukrayna-Rusiya müharibəsinin gətirdiyi müdafiə büdcəsi də əlavə olunduqda, həqiqətən də Avropada nəfəs almaq qeyri-mümkün hala gəlir.
Çünki Avropa xüsusilə son 80 ildə sosial rifah dövləti layihəsini ortaya qoyub, həssas qruplar başda olmaqla insanların rahat və təhlükəsiz yaşaya bildiyi bir qitə kimi formalaşıb. Lakin bu gün Fransa başda olmaqla Avropa ölkələrinin istismar etdikləri Afrika ölkələrindən qovulmaları, Avropa İttifaqının ümumilikdə xarici siyasətdə kifayət qədər uğursuz və təsirsiz olması, eləcə də ABŞ-də Donald Tramp administrasiyasının Aİ-ni bir yük kimi görüb tamamilə qlobal tənlikdən kənarlaşması kimi səbəblər Avropada ciddi problemlərin yaranmasına səbəb olub.
- Bütün bunların fonunda Makronun xələfi kim ola bilər?

- Makron Qəzza müharibəsinə görə Trampı tənqid edir, eyni zamanda Ukrayna müharibəsində Avropanın kənarda saxlanılmasının Amerika qarşısında dilə gətirir. Üstəlik, onun Trampa qarşı tənqidi yanaşmaların getdikcə artması Avropa ilə Amerika arasındakı münasibətləri pozub. Burada Amerikanın Avropadakı dinamizmini hərəkətə keçirərək bir etiraz prosesini idarə etdiyini söyləyə bilərik.
Hazırda Fransada Makrondan sonra iki əsas namizəd önə çıxır: bunlardan biri ifrat sağın lideri Marin Le Pendir. Xüsusilə Avropa son dövrdə ciddi iqtisadi böhranla üz-üzə qaldıqdan sonra, artıq mühacirlərin, əcnəbilərin və azlıqların qitə daxilində və Fransada mövcudluğu ciddi bir problem kimi qəbul olunmağa başlayıb. Məhz bu, bir çox Avropa ölkəsində olduğu kimi, Fransada da miqrant əleyhinə, əcnəbi düşməni, faşist və şovinist strukturların, hətta irqi ayrı-seçkiliyə əsaslanan baxışların hakimiyyətə gəlməsinə yol açır.
Digər tərəfdən, yaşanan iqtisadi böhran və çöküşün nəticəsi olaraq sosial rifah dövlətinin aradan qalxması ilə birlikdə aşırı solun da hakimiyyətə gəlmək ehtimalı mövcuddur. Burada ifrat solu təmsil edən şəxs Jan-Lük Melanşondur. Seçkilərin nəticəsində bu ikisindən birinin hakimiyyətə gəlməsi gözlənilir.
- Son olaraq, Braziliyada keçirilən prezident seçkilərinin nəticələri haqqında nə düşünürsünüz?

- Braziliyada Flavio Bolsonaro əslində seçkilərdə çox ciddi namizəd kimi göstərilirdi. Hətta ABŞ Prezidenti Donald Tramp da şəxsən bu namizədi dəstəklədiyini bildirmişdi. Ancaq Braziliyadakı ən böyük problem birbaşa xarici güc kimi Amerikanın istismar etmək məqsədilə və Venesuelada etdiklərinin bənzərini həyata keçirmək üçün Lula da Silvadan xüsusilə narahat olduğunu bildirməsi həlledici oldu.
Çünki Lula da Silva hamımızın bildiyi kimi, öz ölkəsini qoruyan, daha milliyyətçi, proteksionist və xarici müdaxilələrə qapalı sosialist lider kimi qarşımıza çıxır. Üstəlil, o, müstəmləkəçilik əleyhinə mübarizənin öncü şəxs kimi tanınır. Bolsonaro isə əksinə, Amerika ilə uyumlu işləyəcək, öz sərvətlərini ABŞ və böyük Qərb ilə bölüşməkdə heç bir problem yaşamayacaq bir şəxsdir.
Ona görə də xalq burada müstəmləkəçiliyə və imperializmə qarşı çıxışın simvolu olaraq gördüyü üçün 81 yaşında olmasına baxmayaraq yenidən Lulaya dəstək verdi. Beləliklə, Braziliya əvvəllər yaşadığı təcrübələrdən də dərs çıxararaq öz ölkəsinin bölünməsini və parçalanmasını gətirib çıxara biləcək imperialist strukturlarla əməkdaşlıq etməkdən çəkindiyini bir daha seçki nəticələri ilə nümayiş etdirdi.
Elmir Mustafa


